Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi 2015-ci ilin I rübündə səhmdar cəmiyyətlərini 46 500 min manat məbləğində cərimə edib. Bu da ötən ilin analoji dövrünün göstəricisindən 51% azdır.
Bu barədə Oxu.Az-a komitədən məlumat verilib.
Komitənin məlumatına görə, 2015-ci ilin 3 ayı ərzində QKDK-ya 190 səhmdar cəmiyyətində səhmdarların hüquqlarının pozulması barədə 65 şikayət daxil olub. Onların sayı ötən ilin analoji dövrü ilə müqayisədə 28%, barələrində şikayət daxil olmuş səhmdar cəmiyyətlərinin sayı 27% azalıb.
Şikayətlər araşdırıldıqdan sonra QKDK 31 halda səhmdar cəmiyyətlərinə ümumilikdə 46,5 min manat məbləğində cərimə tətbiq edilməsinə dair qərar qəbul edib. 2014-cü ilin yanvar-mart aylarında isə 94,5 min manat məbləğində 57 cərimə tətbiq olunub.
Bundan başqa, 2015-ci ilin yanvar-mart aylarında QKDK səhmdar cəmiyyətlərinə aşkar edilmiş nöqsanların aradan qaldırılması barədə icrası məcburi olan 4 göstəriş (azalma 43%) verib.