Ankarada səfərdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov Türkiyənin Baş naziri Əhməd Davudoğlu ilə görüşüb.
Bu barədə Oxu.Az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Nazirliyin məlumatına görə, Ə.Davudoğlu Türkiyə ilə Azərbaycan arasında ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin daim uğurla inkişaf etdiyini bildirib.
Baş nazir iki ölkə arasında əməkdaşlıq əlaqələrinin siyasi, iqtisadi və digər sahələrdə olduğu kimi, əmək və sosial müdafiə sahəsində də mütəmadi olaraq gücləndirildiyini vurğulayıb.
“S.Müslümov Azərbaycan və Türkiyə arasında strateji xarakter daşıyan əməkdaşlığın eyni zamanda əmək, məşğulluq, miqrasiya, əhalinin sosial müdafiəsi sahəsini də əhatə etdiyini bildirib. Məlumat verilib ki, bu il ilk dəfə olaraq azərbaycanlı əlilliyi olan şəxslər reabilitasiya məqsədi ilə Türkiyənin Dənizli bölgəsindəki tibbi-sosial reabilitasiya mərkəzinə bərpa müalicəsi məqsədilə göndəriliblər və bu proses davam etdiriləcək”-deyə, nazirliyin məlumatında deyilir.
Xatırladaq ki, görüşdə Azərbaycanın Türkiyə və Makedoniyadakı fövqəladə və səlahiyyətli səfiri Faiq Bağırov, Türkiyənin əmək və sosial müdafiə naziri Faruk Çelik və digər rəsmi şəxslər iştirak ediblər.
Qeyd edək ki, nazir Türkiyə və Azərbaycan arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın 8-ci iclasında iştirak etmək üçün Ankarada səfərdədir.
Ülviyyə R.Əli
www.oxu.az