2014-cü ilin birinci yarısında ölkə sənayesinin təsərrüfat subyektləri tərəfindən 16,9 milyard manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib.
Oxu.Az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, cari ilin 6 ayı ərzində sənaye məhsulunun 72,9 faizi istehsal olunmuş mədənçıxarma bölməsində 21,2 milyon ton neft, 9,1 milyard kub metr əmtəəlik təbii qaz və digər məhsullar hasil edilib.
“Emal bölməsində istehsalın həcmi sənayenin ümumi məhsulunun 21,1 faizini təşkil edib, qida, geyim, tütün məmulatlarının, ağac emalı və ağacdan məmulatların, tikinti materiallarının, hazır metal məmulatlarının, elektrik avadanlıqlarının, avtomobil və qoşquların, sair nəqliyyat vasitələrinin və s. məhsulların istehsalında artım müşahidə edilib. İstehsal edilmiş sənaye məhsulunun 5,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin, 0,6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsinin payına düşür”, - məlumatda deyilir.
Qeyd edilir ki, sənayenin qeyri-neft sahələrində istehsalın həcmi əvvəlki ilin yanvar-iyun aylarının səviyyəsini 4,2 faiz üstələyib, neft-qaz sektorunda isə 3,4 faiz azalıb.
Ümumi sənaye istehsalının 93,4 faizi malların (əmtəələrin), 6,6 faizi isə sənaye xarakterli xidmətlərin payına düşüb, məhsulun 80,3 faizi özəl bölmədə istehsal olunub.
Gülnarə Zeynalova
www.oxu.az