2014-cü ilin yanvar ayında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər 2,8 milyard manatlıq, yaxud 2013-cü ilin müvafiq dövründə olduğundan 4% az sənaye məhsulu istehsal ediblər. Bunun əsas səbəbi məhsul istehsalının sənayenin mədənçıxarma bölməsində 4,6%, o cümlədən neft hasilatında 5,2% azalması olub.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yanvar ayına olan hesabatında məlumat verilib.
Məlumata görə, əmtəəlik qaz hasilatı 6,7% artıb.
İqtisadi fəaliyyət növləri təsnifatına uyğun olaraq sənaye məhsulunun 72,7%-i mədənçıxarma bölməsində, 19,7%-i emal bölməsində, 7,0%-i isə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,6%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunub.
Sənayenin emal bölməsinin məhsullarından qida məhsulları istehsalı 0,8%, geyim istehsalı 39,8%, toxuculuq sənayesi məhsulları istehsalı 22,3%, kimya sənayesi məhsulları istehsalı 26%, hazır metal məmulatların istehsalı 14,6%, tikinti materialları istehsalı 7,8%, metallurgiya sənayesi məhsulları istehsalı 44,9%, maşın və avadanlıqların istehsalı 2%, sair nəqliyyat vasitələri istehsalı 3,5 dəfə artıb.
DSK-nın hesabatına görə, sənayenin elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində məhsul istehsalı 1%, elektrik enerjisi istehsalı isə 3% artaraq 2,1 milyard kVt saat olub.
Su təchizatı, tullantılarının təmizlənməsi və emalı bölməsində məhsul istehsalı 7,2% artıb.
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 5,6% artıb, neft sektorunda isə 5,2% azalıb.
Gülnarə Zeynalova
www.oxu.az