Bu gün Gəncədə “III Gəncə Beynəlxalq Şərab Festivalı” öz işinə başlayıb.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, festivalda dünyanın 10-dan artıq ölkəsindən 50-dən artıq nümayəndə iştirak edir. Azərbaycan Respublikası Xarici İşlər, İqtisadiyyat və Sənaye, Kənd Təsərrüfatı nazirlikləri, Azərbaycan İxracatın və İnvestisiyanın Təşviqi Fondu, Azərbaycan Respublikasının Fransada səfirliyi və Gəncə şəhər İcra Hakimiyyətinin birgə təşkil etdikləri festival iki gün davam edəcək. Festival iştirakçıları bu gün Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Tədbirə Azərbaycan, Fransa, Almaniya, İtaliya, Rusiya, Moldova, Gürcüstan və bir sıra digər xarici ölkələrin şərab istehsalçıları, distributerləri və istehlakçıları qatılıblar.
Festival çərçivəsində ölkələrarası işgüzar əlaqələr qurulacaq, əməkdaşlıq sazişləri imzalanacaq, şərabçılıq sahəsində məşhur olan ölkələrin stendləri nümayiş etdiriləcək, qonaqlar Gəncənin görməli yerlərini gəzəcəklər. Azərbaycan milli musiqisi və milli mətbəxi ilə tanışlıq da festivalın proqramına daxil edilib.
Sabah qonaqlar şəhərin qədim Cavadxan küçəsində keçiriləcək Şərab Festivalına qatılacaqlar.