Azərbaycanın sığorta bazarı 11% artıb.
Bu barədə Oxu.Az-a Azərbaycan Sığortaçılar Assosiasiyasından məlumat verilib.
2015-ci ilin yanvar-fevral aylarında, Azərbaycandakı 27 sığorta şirkətinin xətti ilə təxminən 101,7 milyon manat məbləğində sığorta haqqı toplanıb. Azərbaycan Sığortaçılar Assosiasiyasının məlumatına əsasən, bu, 2014-cü ilin eyni dövrünə nisbətən 11,1% çoxdur.
2 ay ərzində sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlərin məbləği isə təxminən 24 milyon manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 26,3% çoxdur.
Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının müqabilində 23,6 manat ödəniş edilib. Bu göstərici 2014-cü ilin yanvar-fevral aylarında 20,8 manat olub.
ASA-nın məlumatına görə, Azərbaycanın sığorta bazarının 72%-i könüllü formalaşıb.
2015-ci ilin ilk iki ayında Azərbaycanda toplanmış sığorta haqlarının 71,5%-i və ya 72,8 milyon manatı könüllü sığorta növlərinin payına düşüb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,5% çoxdur.
İcbari sığorta növlərində yığımlar isə 28,9 milyon manat və ya bazarın 28,5%-ni təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə icbari sığorta bazarı 45,5% böyüyüb.
2 ay ərzində ümumi ödənişlərin 72%-i və ya 17,3 milyon manatı könüllü sığorta növlərinin payına düşüb. Könüllü sığortalar üzrə ödənişlər ötən ilin eyni dövrünə nisbətən 34% artıb.
İcbari sığorta növləri üzrə ödənişlər isə 6,7 milyon manat və ya ümumi bazarın 28%-ni təşkil edib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 10% çoxdur.
Hesabat dövründə könüllü sığortadan toplanılmış hər 100 manat sığorta haqqının müqabilində 23,8 manat ödəniş həyata keçirilib. 2014-cü ilin eyni dövründə isə bu göstərici 18 manat olub. İcbari sığorta üzrə toplanmış hər 100 manat üzrə ödəniş isə 30,7 manatdan 23,2 manata düşüb.
www.oxu.az