2014-cü ildə sığorta haqlarının 66,3%-i və ya 284,7 milyon manatı könüllü sığortanın payına düşüb.
Bu barədə Oxu.Az-a Azərbaycan Sığortaçılar Assosiasiyasından məlumat verilib.
Məlumatda qeyd olunur ki, bu ötən ilin eyni dövrüylə müqayisədə 5,1% və ya 13,7 milyon manat çoxdur.
İcbarı sığorta növlərində yığımlar isə 144,5 milyon manat və ya bazarın 33,7%-ni təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə icbari sığorta bazarı 7,3% və ya 9,8 milyon manat artıb.
Ötən il ümumi ödənişlərin 73%-i və ya 114,7 milyon manatı könüllü sığorta növlərinin payına düşüb. Könüllü sığortalar üzrə ödənişlər ötən ilin eyni dövrünə nisbətən 35,1% və ya 29,8 milyon manat artıb.
İcbarı sığorta növləri üzrə ödənişlər isə 11,9% və ya 4,5 milyon manat artaraq 42,5 milyon manata çatıb.
Xatırladaq ki, hesabat dövründə könüllü sığortadan toplanmış hər 100 manat sığorta haqqı müqabilində 40,3 manat ödəniş həyata keçirilib. 2013-cü ildə isə bu göstərici 31,3 manat olub. İcbarı sığorta üzrə toplanmış hər 100 manat üzrə ödəniş isə ötən ilki 28,2 manatdan 29,4 manata qalxıb.