Son zamanlar dünya bazarlarında neftin ucuzlaşmasının Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) gəlirlərinə təsir edib-etməyəcəyi ilə bağlı sual yaranıb.
Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, şirkətin İqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirir ki, neftin qiymətinin enib-qalxması ölkədə və dünyada gedən proseslərin qarşısında cüzi bir şeydir:
“Dünya bazarlarında neftin qiymətinin düşməsi siyasi məsələlərlə bağlıdır. Bunun SOCAR-a böyük təsiri olmayacaq. Azərbaycanda istehsal olunan neft daxili tələbata yönəlib və dövlət qiymətləri ilə tənzimlənir. Əgər gələn il də neftin qiyməti dünya bazarlarında 60 dollar civarında olarsa, şirkətin 1 ildə itirdiyi məbləğ 400 milyon manat olacaq. Bu, böyük rəqəmdir, amma bunun şirkət üçün qorxusu yoxdur. Çünki bu itkilər Azərbaycan Dövlət Neft Fondu tərəfindən kompensasiya olunacaq”.
O həmçinin bildirib ki, dünya bazarlarında neftin qiymətinin ucuzlaşması SOCAR-ın həyata keçirdiyi layihələrə də təsir etməyəcək.
S.Qasımov bildirib ki, bu layihələrin maliyyələşdirilməsi dayandırılmayacaq.