Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin I yarısını 1,414 milyard manat xalis mənfəətlə başa vurub.
“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 dəfə azdır.
Yanvar-iyun aylarında SOCAR-ın satışdan (əsas əməliyyat) gəlirləri 42,181 milyard manat (bir il əvvələ nisbətən 30,1% az), satışının maya dəyəri 37,538 milyard manat (29,6% az), paylaşdırma xərcləri 1,163 milyard manat (18,3% az), ümumi və inzibati xərcləri 0,928 milyard manat (8,4% çox), sosial xərcləri 0,124 milyard manat (iki dəfə az), kəşfiyyat və qiymətləndirmə xərcləri 0,005 milyard manat (66,7% çox), əmlak, tikinti və avadanlıqların silinməsi hesabına zərəri 0,01 milyard manat (əvvəlki il gəlir olub), gözlənilən kredit zərəri 0,045 milyard manat (45,1% az), sair əməliyyat gəlirləri 0,492 milyard manat (16,6% çox), sair əməliyyat xərcləri 0,276 milyard manat (10,0% çox), effektiv faiz dərəcəsi metodundan istifadə etməklə hesablanmış faiz gəlirləri 0,304 milyard (63,4% çox), maliyyə xərcləri 0,771 milyard manat (4,8% az), məzənnə fərqindən zərəri 0,436 milyard manat (4,7 dəfə çox), xalis monetar mövqe üzrə gəlirləri 0,316 milyard manat (3,5 dəfə çox), birgə müəssisələrin maliyyə nəticələrində pay üzrə zərəri 0,508 milyard manat (əvvəlki il gəlir olub), asılı müəssisələrin maliyyə nəticələrində pay üzrə gəlirləri 0,401 milyard manat (10,1% az), mənfəət vergisi ödəmələri isə 0,476 milyard manat (40,1% az) təşkil edib.
Bu il iyulun 1-nə SOCAR-ın aktivləri 70,351 milyard manat olub ki, bu da illik müqayisədə 12,7% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 28,2% azalaraq 36,722 milyard manata düşüb, balans kapitalı isə 14,4% artaraq 33,629 milyard manata, o cümlədən nizamnamə kapitalı 0,3% artaraq 4,76 milyard manata çatıb.
Xatırladaq ki, SOCAR ölkə prezidentinin 13 sentyabr 1992-ci il tarixli fərmanı ilə yaradılıb. 100% dövlətə məxsus şirkətin əsas fəaliyyəti neft, qaz və qaz kondensatlarının hasilatı, emalı və nəql edilməsi, eləcə də neftin, qazın və neft məhsullarının satışından ibarətdir.
SOCAR I yarımili mənfəətlə başa vurub - VİDEO