“Günəşli” yatağında quraşdırılması nəzərdə tutulan Qazlift Kompressor Stansiyasının inşası artıq başa çatmaq üzrədir. İnşaat işlərinin sifarişçisi “Azneft” İstehsalat Birliyinin 28 May adına Neft Qazçıxarma İdarəsi, podratçısı isə “Neftqaztikinti” Trestidir.
Oxu.Az xəbər verir ki, SOCAR-dan verilən məlumata görə, dənizin 87 metr dərinliyində quraşdırılacaq stansiyanın məhsuldarlığı 3 milyon kubmetr/gün təşkil edir.
Hər birinin çəkisi 6000 ton olan piramida tipli 2 dayaq blokundan ibarət stansiyada artıq 8 ədəd kompressor, 2 ədəd hava soyuducusu, 12 ədəd qaztənzimləyici, quruducu, hava qəbuledicisi, 1 ədəd dizel mühərrikli generator, 2 ədəd transfarmator, 12 ədəd idarəetmə otağı, eyni zamanda daşıyıcı göyərtə, 4 ədəd metal lövhə və həmin lövhələr üzrə müxtəlif diametrli boru xətləri quraşdırılıb.
Qazlift Kompressor Stansiyası istismara verildikdən sonra Günəşli yatağındakı platformalarda qazlift sistemi tənzimlənəcək, eləcə də atmosferə atılan qazların yığılaraq nəql olunması həyata keçiriləcəkdir. Hazırda stansiyada son tamamlama işləri aparılır.
Qeyd edək ki, tikinti-quraşdırma işlərinin yaxın vaxtlarda başa çatdırılması nəzərdə tutulur.
Gülnarə Zeynalova
www.oxu.az