Bakı Ali Neft Məktəbinin (BANM) və Türkiyənin ən qabaqcıl universitetlərindən biri olan Boğaziçi Universitetinin birgə təşkilatçılığı ilə SOCAR-ın strateji rəhbərləri üçün “Liderlik Akademiyası” konsepsiyası çərçivəsində yeni çağırışlara uyğun olaraq vahid liderlik yanaşmalarının, habelə ortaq idarəetmə dəyərlərinin və mədəniyyətinin formalaşdırılması məqsədilə inkişaf proqramı tərtib edilib.
Proqram SOCAR və onun strukturuna daxil olan bir sıra müəssisələrin 100-dən çox strateji rəhbərini əhatə edir və Boğaziçi Universitetinin təlimçiləri tərəfindən təqdim edilən 5 modul üzrə silsilə təlimlərdən ibarətdir.
“Liderlik Akademiyası” konsepsiyası çərçivəsində strateji rəhbərlər üçün inkişaf proqramının ilk modulu üzrə 13 aprel 2023-cü il tarixində start verilən təlimlər 4 may 2023-cü il tarixində uğurla başa çatıb.
SOCAR-ın yeni korporativ strategiyası çərçivəsində müxtəlif istiqamətlərdə transformasiya layihələrinə start verməsi şirkətin dəyərlərinin və korporativ idarəetmə mədəniyyətinin də davamlı inkişafını zəruri edir.
Sözügedən inkişaf proqramı şirkətin strateji rəhbərləri üçün idarəetmə sahəsində yeni bilik, bacarıq və ən müasir idarəetmə mexanizmlərini təmin edərək müxtəlif mövzularda müzakirələrin aparılması və təcrübələrin paylaşılması, bu istiqamətdə SOCAR-da yeni uğurlu idarəetmə modelinin və brendinin gücləndirilməsini hədəfləyir.
Təlimlər 2023-cü ilin sonuna qədər davam edəcək və proqramı uğurla bitirən iştirakçılara BANM-in və Boğaziçi Universitetinin birgə “Master” sertifikatı təqdim olunacaq.