Dövlət Neft Şirkəti (SOCAR) 2015-ci ilin yanvar-oktyabr aylarında 6 milyon 909,1 min ton neft hasil edib ki, bu da 2014-cü ilin analoji dövrünün göstəricisindən 1,5% azdır.
Oxu.Az xəbər verir ki, bu barədə şirkətin açıqladığı məlumatda deyilib.
“Cari ilin oktyabr ayında SOCAR 695 min ton neft hasil edib. 2014-cü ildə Azərbaycanda neft hasilatının ümumi həcmi 41,9 milyon ton təşkil edib ki, bunun da 8 milyon 402,5 min tonu SOCAR-ın payına düşüb”, - deyə şirkətdən bildirilib.
Bundan başqa, şirkət 2015-ci ilin yanvar-oktyabr aylarında 5 milyard 755,9 milyon kubmetr qaz hasil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 5,6% azdır.
“2015-ci ilin oktyabr ayında SOCAR 594,9 milyon kubmetr qaz hasil edib. 2014-cü ildə Azərbaycanda qaz hasilatının ümumi həcmi 29 milyard 615,3 milyon kubmetr təşkil edib ki, bunun da 7,2 milyard kubmetrdən çoxu SOCAR-ın payına düşüb”, - deyə şirkətin məlumatında deyilib.
Məlumat üçün bildirək ki, Azərbaycan hökuməti 2015-ci ildə qaz hasilatını 30 milyard 110 milyon kubmetr səviyyəsində proqnozlaşdırır.
Ülviyyə R. Əli
www.oxu.az