Dövlət Neft Şirkəti (SOCAR) qazma işlərinin həcmini sentyabrda azaldıb.
Bu barədə SOCAR-dan Oxu.Az-a bildirilib.
Belə ki, SOCAR-dan bildirilib ki, 2015-ci ilin sentyabr ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 8 288 metr qazma işi həyata keçirilib. Bu da avqust ayının göstəricisindən 1 355 metr azdır.
“Bu sahədə görülmüş işlərin hamısı istismara aid olub. Ümumiyyətlə, 2015-ci ilin yanvar-sentyabr aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 80 548 metr qazma işi görülüb ki, bunun da 79 548 metri istismara, qalanı isə kəşfiyyata aid olub” - deyə, şirkətdən qeyd olunub.
Onu da əlavə edək ki, SOCAR 2015-ci ilin yanvar-sentyabr aylarında qazma işlərinin həcmini 2014-cü ilin analoji dövrü ilə müqayisədə 18,5% - 80 548 min metrədək azaldıb.
Qeyd edək ki, avqust ayı ərzində qazmadan alınmış 10, ilin əvvəlindən isə 55 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.
Ülviyyə R. Əli
www.oxu.az