SOCAR-ın Rumıniya nümayəndəliyinin rəhbəri Həmzə Kərimov “energynomics.ro” jurnalına müsahibə vermişdir.
Oxu.Az xəbər verir ki, SOCAR-dan verilən məlumata görə, o, şirkətin Rumıniyada fəaliyyətinin müxtəlif aspektlərinə toxunaraq, bildirmişdir ki, SOCAR Rumıniyada öz işini bu ölkənin “Nəqliyyat infrastrukturunun inkişafı” Dövlət Proqramına əsaslanaraq qurur.
Rumıniyanın qlobal enerji təhlükəsizliyi baxımından ilk 10 ölkə arasında yer alması, yaxın illərdə ölkədə investisiya yatırımlarının artımının gözlənilməsi, 2013-cü ildə qeydə alınan müsbət iqtisadi nəticələr SOCAR-ın Rumıniyanın yerli bazarında fəaliyyətinin genişlənməsində həlledici amil rolunu oynayır.
Hazırda şirkətin Rumıniyanın 11 dairəsi üzrə 29 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir. YDM şəbəkəsinin genişləndirilməsi üçün yeni yerlər müəyyən edilir. Müştərilər “SOCAR” brendi ilə fəaliyyət göstərən YDM-lərin təklif etdiyi yüksək keyfiyyətli məhsul və xidmətlərdən böyük məmnuniyyətlə istifadə edirlər. Burada onların Azərbaycan mədəniyyəti, mətbəx ənənələri, turizmi ilə tanış olmaları üçün də geniş imkanlar yaradılmışdır.
SOCAR-ın Rumıniya nümayəndəliyi iqtisadi və mədəni tədbirlərdə fəal iştirakı ilə Azərbaycan və Rumıniya arasında dostluq münasibətlərinin inkişafına töhfə verməkdə davam edir.
Gülnarə Zeynalova
www.oxu.az