Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu növbəti - “Sığortaolunanın onlayn uçota alınması” adlı elektron xidməti istifadəyə verib.
Oxu.Az xəbər verir ki, bunu keçirilən təqdimat mərasimində Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev bildirib.
Onun sözlərinə görə, ümumilikdə, DSMF tərəfindən əhaliyə təqdim olunan elektron xidmətlərin sayı 19-a çatıb və onlardan 700 minə yaxın vətəndaş yararlanıb.
E.Mehdiyev vurğulayıb:
“İndiyə qədər ilk dəfə əmək fəaliyyətinə başlayan vətəndaşın sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi üçün sığortaedən (işəgötürən) işçi ilə əmək müqaviləsi bağladığı gündən sonra sığortaolunanın ərizəsinin tərtibini təşkil etməli və onu müvafiq qaydada təsdiq edərək sənədlər toplusunu siyahı ilə birlikdə DSMF orqanına şəxsən təqdim etməli idi.
Bundan sonra isə hər bir sığortaedən öz ofisindən kənara çıxmadan birbaşa elektron qaydada müraciət etməklə sığortaolunanlar üçün sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi imkanına malik olacaq”.
E.Mehdiyev bildirib ki, prosesin tam elektronlaşdırılması həm kağız daşıyıcılarından istifadənin, həm vaxt itkisinin aradan qalxmasına, həm də şəffaflığın təmin olunmasına gətirib çıxaracaq.
Məlumatda qeyd olunur ki, sığortaedən tərəfindən elektron formada göndərilmiş elektron ərizə formalarına DSMF tərəfindən baxılır.
Təqdim edilmiş elektron ərizə formaları yoxlandıqdan sonra sığortaolunan üçün fərdi şəxsi hesab açılır və onun soyadı, adı, atasının adı, doğulduğu tarix, doğulduğu yer, cinsi və sosial sığorta nömrəsi (SSN) əks olunan dövlət sosial sığorta şəhadətnaməsi bir ay ərzində rəsmiləşdirilir.
Gülnarə Zeynalova
www.oxu.az