2018-ci ilin on bir ayında xarici ticarət balansında 7,6 milyard ABŞ dolları məbləğində müsbət saldo yaranıb.
Mərkəzi Bankdan Oxu.Az-a verilən xəbərə görə, bu ilin yanvar-noyabr aylarında əmtəə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 43.3 faiz, qeyri-neft ixracı 10.2 faiz artıb.
Əmtəə idxalı 32.2 faiz, qeyri-neft idxalı 32.7 faiz artıb. Milli valyutaların kəskin ucuzlaşdığı Rusiya və Türkiyədən qeyri-neft idxalının ümumi qeyri-neft idxalında payı ötən ilin eyni dövrü ilə müqayisədə 1.3 və 3.8 faiz bəndi azalıb.
Tədiyyə balansının profisiti ölkənin strateji valyuta ehtiyatlarının artmasına şərait yaradıb. Strateji ehtiyatlar ilin əvvəlinə nəzərən 7 faiz və ya 2.9 milyard artaraq 44.8 milyard dollar təşkil edir.
Nəticədə, Azərbaycanın malik olduğu strateji ehtiyatlar 31 aylıq mal və xidmət idxalına kifayət edir və xarici dövlət borcunu üç dəfə üstələyir.