Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Taksi sürücülərinin diqqətinə: 1200 AZN cərimə edilə bilərsiniz - RƏQƏMLƏR
Azərbaycanda taksi kimi istifadə olunan avtomobillərdə hərəkətin sürətinə dair bütün məlumatları fasiləsiz olaraq qeydə almaq mümkün olacaq.
“Report”un xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında III oxunuşda müzakirəyə çıxarılan “Avtomobil nəqliyyatı haqqında” Qanunda dəyişiklik layihəsində əksini tapıb.
Sənəddə deyilir ki, taksilərdə hərəkətə fasiləsiz olaraq nəzarət etmək üçün rəqəmsal taxoqraf cihazı quraşdırılmalıdır. Bu cihaz imkan verəcək ki, avtomatik rejimdə avtonəqliyyat vasitələrinin hərəkətinə, o cümlədən qət edilmiş məsafəyə, sürücülərin iş və istirahət dövrlərinə dair bütün məlumatlar fasiləsiz olaraq qeydə alınsın.
Bununla yanaşı, sürücünün iş və istirahət dövrlərinə dair məlumatların, habelə rəqəmsal taxoqrafla işləmək üçün tələb olunan digər məlumatların saxlanılmasını təmin etmək üçün rəqəmsal taxoqraf kartının quraşdırılması təklif edilir.
Sənəddə deyilir ki, minik avtomobillərində onların qət etdiyi məsafənin, boşdayanmanın müddətinin uçotunun aparılması, gediş haqqının məbləğinin hesablanması və bu barədə sərnişinin məlumatlandırmasını təmin edən, taksi üçün nəzərdə tutulmuş fiskal yaddaşlı xüsusi cihaz (taksometr) və proqram təminatı olmalıdır.
Digər dəyişikliklə, xüsusi razılıq (lisenziya) olmadan avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması, yaxud lisenziya şərtlərinin pozulmasına görə aşağıdakı cərimələr nəzərdə tutulur:
- Buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən taksi minik avtomobilləri ilə sərnişin daşınmasının təşkilinə görə vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər isə 1 000 manat məbləğində cərimə ediləcəklər;
- Buraxılış kartı olmadan və ya avtomobil nəqliyyatı ilə sərnişin və yükdaşıma qaydalarını pozmaqla taksi minik avtomobilləri ilə sərnişin daşınmasına görə 40 manat məbləğində cərimə olunacaq;
- Buraxılış kartı olmadan və ya avtomobil nəqliyyatı ilə qeyri-müntəzəm sərnişin və yükdaşıma qaydalarını pozmaqla yük və qeyri-müntəzəm sərnişin daşınmasına görə 50 manat məbləğində cərimə olunacaq;
- Buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən yük və qeyri-müntəzəm sərnişin daşınmasının təşkilinə görə vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilirlər;
- Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrut üzrə sərnişin daşınması (sərnişin daşınmasının təşkili) haqqında müqavilə olmadan müntəzəm sərnişin daşımalarının təşkilinə görə vəzifəli şəxslər 300 manat məbləğində, hüquqi şəxslər isə 1 200 manat məbləğində cərimə ediləcəklər;
- Xarici dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə Azərbaycan ərazisində ölkədaxili sərnişin və yükdaşımaların yerinə yetirilməsinə görə 400 manat məbləğində cərimə olunacaq.
Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.
"Milli Məclis" teqi üzrə xəbərlər
- Azərbaycanla iki ölkə arasında viza rejimi qismən ləğv olunur
- Pensiyaların hesablanmasında yenilik təklif edilib
- Milli Məclisdə diplomsuz işləyən estetik cərrahlarla bağlı problem gündəmə gətirildi
- Ana ölümlərində bloqerlərin "əməyi": "Qadın doğuşa yaxın ginekoloq axtarır"
- Milli Məclis gələn ilin dövlət büdcəsini birinci oxunuşda qəbul etdi