Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Tərəvəzin qiyməti qalxdı
Kənd təsərrüfatı məhsullarının qiymətində son günlərdə qəfil artım baş verib. Əsasən də tələbat olan kənd təsərrüfatı mallarının qiymətinin belə qəfil bahalaşmasının səbəbi nədir?
Oxu.Az “Azadlıq” qəzetinə istinadən xəbər verir ki, bu sualla kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmov aydınlıq gətirdi.
Ekspert qeyd edib ki, Rusiyanın Qərbdən kənd təsərrüfatı mallarının idxalını dayandırmasından sonra bu ölkədə bazarın bizim üçün əlçatan olması yerli sahibkar və tədarükçüləri daha çox maraqlandırıb. Nəticədə istehsal olunan məhsulun bir hissəsi də ora gedib və ölkə daxilində qıtlıq yaranıb:
“Qiymət artımı dalğası bir müddətdən sonra özünü göstərəcək. Növbəti mərhələdə əsas ərzaq məhsullarının qiymətinin artdığını müşahidə edəcəyik. Ət və ət məhsullarının, yumurtanın, meyvənin qiyməti artacaq. Bu da onunla bağlıdır ki, bu il az məhsul istehsal olunub və onun bir hissəsi qonşu ölkəyə gedib. Təklif azaldığı üçün bu məsələ bazarda özünü göstərib. Ola bilsin ki, bu boşluq digər ölkələrdən gətirilən məhsullarla aradan qaldırılsın. Hər halda, vəziyyətin necə olacağını zaman göstərəcək. Lakin bahalaşmanın olması labüddür”.