2014-cü il ərzində mehmanxana və turizm şirkətləri tərəfindən göstərilən xidmətlərin dövlət standartlarına riayət olunmasının yoxlanılması məqsədilə monitorinqlər keçirilib.
Bu barədə Oxu.Az-a Mədəniyyət və Turizm Nazirliyindən bildirilib.
Belə ki, il ərzində Bakı şəhərində fəaliyyət göstərən 211 turizm şirkətində və 128 mehmanxanada, həmçinin regionlarda fəaliyyət göstərən 131 mehmanxana və mehmanxana tipli obyektlərdə monitorinqlər keçirilib.
Monitorinqlər zamanı mehmanxanalarda təhlükəsizlik, infrastruktur, mətbəx və restoran bölməsi, işçilərin peşə hazırlığı və digər sahələr yoxlanılıb.
Turizm şirkətlərində isə şirkət tərəfindən bağladığı müqavilələr, işçilərin bilik bacarıqları və iş təcrübələri, göstərdikləri xidmətlər və s. yoxlanılıb.
Monitorinqlər zamanı Nazirliyin əməkdaşları tərəfindən turizm şirkətləri və mehmanxanalara xidmətin yaxşılaşdırılması məqsədilə müvafiq tövsiyələr verilmiş, ciddi nöqsan aşkar edilmiş obyektlərə qarşı mövcud çatışmamazlıqların aradan qaldırılması ilə üçün müvafiq qaydada xəbərdarlıq edilib.
Nöqsanların aradan qaldırılması ilə bağlı xəbərdarlıq edilmiş turizm obyektlərinə təkrar baxışlar keçirildikdən sonra nöqsanları aradan qaldırmayan obyektlərə qarşı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ciddi tədbirlərin görülməsi nəzərdə tutulub.
Nəzərə alsaq ki, 2015-ci ildə Bakı şəhərində keçiriləcək "I Avropa Oyunları" ilə bağlı ölkəmizə gələcək xarici turistlərin sayı artacaq və bu turizm obyektləri gələn qonaqlara fəal şəkildə xidmət göstərəcək, Nazirliyin keçirdiyi monitorinqlər bu sahənin inkişafına, xidmət səviyyəsinin artırılmasına və mövcud nöqsanların aradan qaldırılmasına ciddi təsir göstərəcəkdir.
Xatırladaq ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bu cür monitorinqlərin 2015-ci ildə də keçirilməsi nəzərdə tutulur.