Türkiyənin “Enerco Enerji” şirkəti Rusiyanın “Qazprom” şirkətinin daha öncə Türkiyənin altı qaz şirkəti üçün təqdim etdiyi 10,25% həcmində endirimi ləğv etməsinə dair KİV-in yaydığı məlumatı təsdiq etməyib.
Oxu.Az xəbər verir ki, bu barədə RİA “Novosti” şirkətə istinadən məlumat yayıb.
“Rusiyanın “Qazprom” şirkətinin Türkiyənin şirkətləri üçün 2015-ci ilin yanvar ayının 1-dən qüvvədə olan 10,25% həcmində endirimi ləğv etməsinə dair məlumat həqiqətə uyğun deyil. “Qazprom” öz təşəbbüsü ilə müqavilədə qiyməti dəyişə və ya endirimləri ləğv edə bilməz.
Əgər qazın alqı-satqısı üzrə uzunmüddətli müqavilələrin qiymətlərinə və digər şərtlərin yenidən baxılmasına dair sorğu daxil olarsa tərəflər altı ay müddətində danışıqlar aparır.
Razılıq əldə edilmədiyi halda, Botas və “Qazprom” ilə olduğu kimi beynəlxalq arbitraja müraciət etmək olar”, - məlumatda deyilir.
Şirkət nümayəndəsi əlavə edib ki, bu qəbildən olan proseslərdə tərəflər arasında razılıq əldə edilənə qədər müqavilədə göstərilən şərtlərə əməl etməyə davam edirlər və tədarükçü müqaviləyə uyğun olaraq öz öhdəliklərini yerinə yetirir.
15:30
Rusiyanın “Qazprom” şirkəti Türkiyədə özəl sektoru təmsil edən, təbii qazın idxalı ilə məşğul olan şirkətlərə təbii qaz ilə bağlı tətbiq etdiyi güzəşti ləğv edib.
Oxu.Az xəbər verir ki, bu barədə Anadolu yazıb.
“İllik 10 milyard kub metrlik qaz idxalı ilə məşğul olan özəl sektordakı 6 şirkət, 2015-ci il yanvarın 1-dən tətbiq edilən 10,25%-lik güzəştdən bundan sonra istifadə edə bilməyəcək”, - deyə Anadolu qeyd edib.
“Qazprom” ilə özəl şirkət rəsmilərinin ötən həftə görüşdüklərini bildirən rəsmi şəxslər qeyd ediblər ki, əgər iki ölkə arasında gərginlik başa çatarsa, bu halda güzəşt məsələsi yenidən gündəmə gələ bilər.
Qeyd edək ki, “Qazprom” şirkəti bu məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
Ülviyyə R. Əli
www.oxu.az