Türkiyənin Hüriyyet internet portalı Azərbaycana səfər etmək istəyən turistləri maraqlandıracaq məqalə hazırlayıb.
Oxu.Az həmin məqaləni təqdim edir.
Azərbaycana getmək üçün 15 səbəbdən ikisi ilə başlayım...
Heydər Əliyev Hava Limanından Bakıya daxil olub pasport idarəsində “Digər ölkə” vətəndaşları üçün ayrılan hissədə gözləyərkən bir vəzifəli əlinizdəki pasportu görərək sizə müraciət edir: “Siz türksünüz, bura həm də sizin vətəninizdir. İstədiyiniz sıradan keçə bilərsiniz...”
Ya da getdiyiniz restoranda sizə xidməti edən ofisiant başını önə əyib, bir az da utancaq səslə “Biz sizi çox sevirik” deyir...

Bu, iki nümunəyə və daha çoxuna “Qardaş Azərbaycan”da tez-tez rast gələ bilərsiniz.
Çünki orada sizləri görməkdən xoşbəxt olan qardaşlarınız var... Beləliklə, Azərbaycanı ziyarət etmək üçün 15 səbəb...
İki dövlət, bir millət
Azərbaycanda türk olduğunuzu anlayan hər kəs sizə simpatiya ilə yanaşacaq. “Türkiyənin harasındansan” deyə soruşmayacaqlar. Onlar üçün türk olmağınız kafidir. Dilindən mədəniyyətinə, tarixinə qədər ortaq xüsusiyyətləri olan Azərbaycan və Türkiyə arasında çox güclü bağ var.

Türkcə danışmaq
Türklərin xaricə səfər zamanı ən çox problem yaşadıqları məqam “xarici dil”dir. Belə bir problemlə üzləşməyəcəyiniz ölkə məhz Azərbaycandır. Azərbaycanı öz dilinizdə danışaraq qarış-qarış gəzə bilərsiniz. Bu məsələdə azərbaycanlıların türk seriallarına duyduğu marağın payı da böyükdür.

Yeməklər
Azərbaycana getmək üçün səbəblərin başında yemək dayanır. İnsan Azərbaycanda qidanın ən təbii və ləzzətli halı ilə qarşılaşır. Şorbalar, dolma, plov bir başqa dada malikdir. Təcrübəli aşpazların əlindən çıxan bu ləzzətli yeməklər Türkiyədə uzun müddətdir unutduğumuz o təbii dadı verir. Pomidorun qoxusu, tərəvəzlərin ləzzəti və ətin o möhtəşəm dadını, demək olar ki, hər restoranda tapa bilərsiniz.

Musiqi
Azərbaycan musiqisinin dərin zənginliyi var. Aləti müxtəlifliyi, musiqinin növləri dinləyənləri məst edir. Muğam sənətkarları güclü səsləri ilə mikrofon istifadə etmədən ifa edirlər. Cazın da Azərbaycan musiqisində əhəmiyyətli yeri var. Bir çox parçada cazın elementlərinə rast gəlmək olar. Ümumiyyətlə, musiqi azərbaycanlıların həyatında əhəmiyyətli yeri tutur. Bir çox azərbaycanlı ən azı bir musiqi alətində ifa edə bilir. Paytaxt Bakı başda olmaqla, Azərbaycanda bir çox yerlərdə musiqili məkanlar fəaliyyət göstərir.

Tarix
Azərbaycan dərin tarixə malikdir. 1991-ci ilin 30 avqustunda SSRİ-nin çöküşündən sonra müstəqilliyini elan edən Azərbaycanda Manna, Midiya, Skif, Atropatena, Alban dövrlərinə aid izlər var. Bakını gəzərkən insan sanki açıq havada muzeydə gəzirmiş kimi bir hiss yaşayır. Osmanlı, ərəb, Sovetlər Birliyinin izlərini daşıyan bir çox əsər sizi qarşılayır.

Muzeylər
Geniş və təmiz küçələr, memarlıq xüsusiyyətlərini qoruyub saxlayan binaları və muzeylər. Ənənələrinə və tarixinə böyük əhəmiyyət verən Azərbaycanın muzeyləri dünya standartlarına uyğun səviyyədə fəaliyyət göstərirlər. Bakının mərkəzində hər nöqtədə muzeyə rast gəlmək olar. Məşhur Memar Zaha Hədidin imzasını və Azərbaycanın milli (ümum milli) lideri Heydər Əliyevin adını daşıyan Heydər Əliyev Mərkəzi, Xalça Muzeyi, Tağıyev Tarix Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Müasir İncəsənət Muzeyi, Kukla Muzeyi, Muğam Mərkəzi və digər muzeyləri göstərmək olar.

Miniatür kitab muzeyi
Dünyanın ilk və yeganə miniatür kitab muzeyi Bakıda İçərişəhərdə fəaliyyət göstərir. Miniatür Kitab Muzeyində 66 ölkədən kitablar sərgilənir. Yalnız 7,5 sm-dən kiçik kitabların miniatür olaraq qəbul edildiyi muzey hətta Ginnessin Rekordlar Kitabına da daxil edilib.
Bir sözlə, həyatınızda bu qədər kiçik kitabla ilk dəfə qarşılaşacaqsınız. Girişin pulsuz olduğu muzeyin hədiyyəlik hissəsindən miniatür kitab da almaq mümkündür.

Sağlamlıq
Neft... Dünyanın ən qiymətli enerji qaynağı və indiyə qədər onlarla müharibənin səbəbi. Hər kəsin sahib olmaq istədiyi bu zənginlik qaynağı eyni zamanda şəfa növüdür. Azərbaycanda, xüsusilə də Naftalan bölgəsində onlarla xəstəliyin müalicəsində neftdən istifadə edilir.

Təhlükəsizlik
Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biridir. Təəssüf ki, bir çox ölkədə turistlərin baş bəlası olan oğurluq, təcavüz kimi cinayətlər Azərbaycanda ağır cinayət hesab edilir. Polisin ciddi nəzarəti nəticəsində belə hallar yaşanmır. Beləliklə, Azərbaycanı “Dünyanın ən etibarlı ölkəsi” hesab etmək olar. Ölkəyə gələn turistlərin böyük bir qismini qəbul edən Bakıda insan 24 saat istənilən yerdə təhlükəsizliyinin təmin edildiyini hiss edir.

Küləklər şəhəri
“Alovlar ölkəsinin küləklər şəhəri” olaraq adlandırılan Bakıya niyə bu adın verildiyini xüsusilə şəhərin ən yüksək nöqtələrindən biri olan Dağüstü Parka çıxdıqda dərk etmək olar. Xəzər Dənizinin küləyi Bakının üzərindən əskik olmur.

Alış-veriş
Xüsusilə Bakı, tam bir alış-veriş cənnətidir. Dünyanın ən məşhur markalarına Bakının küçə və prospektlərində rast gəlmək olar. Türkiyəyə və türklərə olan sevgi özünü alverdə də göstərir. Belə ki, Bakıda alış-veriş mərkəzlərində daha çox türk markasına rast gəlmək olur.

L.Ə.