Oxu.Az keçən həftə, Uber Black-in noyabrın 10-da Azərbaycanda işini dayandıracağına dair informasiya yaymışdı. (http://oxu.az/economy/100500)
Buna səbəb xidmətin ziyana işləməsi idi. Bu xəbərin dərc edilməsindən sonra UBER Azerbaijan-ın nümayəndəsi Oxu.Az ilə əlaqə saxlayaraq məlumatın həqiqətə uyğun olmadığını və UBER Black-in bağlanmadığını bildirdi.
Bəs əslində nə baş verib?
Bu gün noyabrın 10-da UBER proqramında Azərbaycan üzrə çalışan UBER Black-in bütün avtomobilləri söndürülüb.
Oxu.Az-ın müxbiri Bakının müxtəlif rayonlarında UBER Black-i çağırmağa çalışıb, amma hər yerdə xəttə avtomobilin olmadığına dair məlumat çıxıb. Skrinşotlar əlavə edilib.
Biz əvvəllər UBER Black sistemində çalışan bir neçə sürücü ilə əlaqə saxladıq və onlar proqramın sistemdən söndürüldüyünü və onlara daha büdcəli olan UBER X xidmətinə keçməyi təklif edildiyini təsdiqlədilər.
Sürücülərdən birinin sözlərinə görə, cari xidmət ucuz qiymətlər ucbatından bahalı maşın sahibləri üçün sərfəli deyil, belə ki, bu qiymətlər servis xərcləri bir yana, heç yanacaq pulunu ödəmir.
Daha öncə qeyd etdiyimiz kimi, xidmətin bağlanmasının səbəblərindən biri sərfəli olmamasıdır.
Sadə maşınlardan fərqli olaraq, Bakıda UBER Black-də çalışan bahalı maşın sahibləri günün müxtəlif vaxtlarında işlədikləri üçün əlavə pul alırdılar. Sifarişlərin azalması fonunda xidmət pul itirirdi.
UBER Azerbaijan nümayəndəsinin reaksiyası anlaşılmaz qaldı, belə ki, o, UBER Black-in işinin dayandırılmadığını, bu barədə məlumatın həqiqətə uyğun olmadığını bildirmişdi.
Beləliklə də UBER Azerbaijan xidmətinin nümayəndəsinin yalan danışdığının şahidi olduq.
Qeyd edək ki, adi maşınlardan ibarət UBER X xidməti öz işini davam etdirir. Amma indi Azərbaycanda UBER taksi xidməti ölkədə fəliyyət göstərən digər Baku taxi, 189 və Dost Taxi xidmətlərindən fərqlənməyəcək.
T.Kərimli