Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Uçot dərəcəsinin kəskin artımı lirəni qısamüddətli dövrdə qoruya bilər - RƏY
Türkiyə Mərkəzi Bankının qərarından sonra 6,10 lirəyə qədər geriləyən dollar bu gün səhər saatlarına 6,12 lirə təşkil edib.
Oxu.Az xəbər verir ki, dolların məzənnəsində cüzi – 0,88% artım baş verib.
İqtisadçı-ekspert Vüqar Bayramov bildirir ki, Türkiyə Mərkəzi Bankının uçot dərəcəsini 24 faizədək yüksəltməsi son 15 ildə ən yüksək faiz dərəcəsidir:
“Türkiyədə uçot dərəcəsi 2009-2017-ci illər arası hətta birrəqəmli səviyyədə qorunub-saxlanılıb. Mərkəzi Bankın qərarından sonra lirə az da olsa, dəyər qazana bilib. Belə ki, dünən 1 dollar almaq üçün 6.4 lirə ödəmək lazım idisə, hazırda bu göstərici 6.1-dək dəyişir”.
Onun fikrincə, uçot dərəcəsinin kəskin artımı lirəni qısamüddətli dövrdə qoruya bilər. Orta və uzunmüddətli dövrdə Türkiyə pulunu xilas etmək üçün isə həm iqtisadi, həm xarici siyasətdə dəyişikliklərin edilməsi vacibdir:
“Türkiyə ötən ili 67.7 milyard dollarlıq xarici ticarət defisiti ilə başa vurub. Aydındır ki, “iPhone” telefonlarından imtina etməklə bu defisiti qapamaq mümkün deyil. Bunun üçün idxaldan asılılığın aradan qaldırılması istiqamətində islahatların genişləndirilməsi ilə yanaşı, həmçinin
Qərb və xüsusən də, ABŞ-la münasibətlərin normallaşdırılması çox vacibdir. Əks halda uçot dərəcəsinin artırılması Türkiyənin valyuta bazarında, sadəcə, nisbi sakitlik yaradacaq”.