Ümumi Daxili Məhsul istehsalı 2.5 faiz, yaxud müqayisəli qiymətlərlə 1.1 milyard manat artaraq 44.1 milyard manata çatıb.
Oxu.Az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ÜDM-in 61.6 faizi məhsul istehsalı sahələrində, o cümlədən 44.3 faizi sənayedə, 11.9 faizi inşaat kompleksində, 5.4 faizi kənd təsərrüfatında yaradılıb.
Xidmət sahələrinin ÜDM-də xüsusi çəkisi 31.2 faiz, o cümlədən nəqliyyatın 4.7 faiz, ticarət və pullu xidmətlərin 9.8 faiz, rabitənin 1.7 faiz, sosial və digər xidmətlərin 15.0 faiz təşkil edib. ÜDM-in 7.2 faizi məhsula və idxala xalis vergilərin payına düşüb.
Orta hesabla əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 4696.1 manat (5987.6 ABŞ dolları) olub.
Əlavə dəyər istehsalı qeyri-neft sektorunda 6.0 faiz artmış, neft sektorunda isə 2.0 faiz azalıb.
Ümumi daxili məhsulun tərkibində ən böyük xüsusi çəkiyə malik olan sənaye sahələrində fiziki şəxslərin fəaliyyəti də nəzərə alınmaqla 25.2 milyard manatlıq sənaye məhsulu istehsal edilmiş və ötən ilin müvafiq dövrü ilə müqayisədə 99.4 faiz təşkil etmişdir. Məhsulun 71.8 faizi mədənçıxarma bölməsində, 22.3 faizi emal bölməsində, 5.3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0.6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunmuşdur. 2013-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə məhsul istehsalı mədənçıxarma bölməsində 1.6 faiz azalmış, emal bölməsində 1.5 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 4.3 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində 3.6 faiz artıb.
Sənayenin mədənçıxarma bölməsində neft hasilatı 32.1 milyon ton, əmtəəlik qaz hasilatı 13.8 milyard kub metr təşkil edib.
Emal bölməsində keçən ilin müvafiq dövrü ilə müqayisədə qida məhsulları istehsalı 2.3 faiz, içki istehsalı 9.2 faiz, tütün məmulatlarının istehsalı 85.3 faiz, geyim istehsalı 50.7 faiz, kimya sənayesi məhsulları istehsalı 21.7 faiz, hazır metal məmulatların istehsalı 8.8 faiz, tikinti materialları istehsalı 19.4 faiz, elektrik avadanlıqların istehsalı 27.0 faiz, mebel istehsalı 10.0 faiz, avtomobil və qoşquların istehsalı 57.0 faiz, sair nəqliyyat vasitələri istehsalı 3.5 dəfə, zərgərlik, musiqi, idman və tibb avadanlıqların istehsalı 79.2 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri 77.9 faiz artıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində elektrik enerjisi istehsalı 16.1 milyard kvt.saat olmaqla 6.3 faiz artıb.
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 6.0 faiz artıb, neft sektorunda isə 2.0 faiz azalıb.
Gülnarə Zeynalova
www.oxu.az