2013-cü ilin yanvar-dekabr aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 6 663 633,4 min manat vəsait daxil olmuşdur.
Oxu.Az xəbər verir ki, Azərbaycan Respublikasının Vergilər Nazirliyi 2013-cü ilin yığılmış vergiləri haqqında öz rəsmi saytında məlumat yerləşdirib.
Büdcəyə daxil olan vergilərin siyahısı bunlardan ibarətdir:
ƏDV üzrə - 1 723 917,5 min manat, aksizlər üzrə - 511 976,6 min manat, mənfəət vergisi üzrə - 2 374 791,6 min manat, torpaq vergisi üzrə - 33 113,2 min manat, əmlak vergisi üzrə - 125 147,6 min manat, fiziki şəxslərin vergisi üzrə - 859 656,6 min manat, dövlət rüsumu üzrə - 123 229,5 min manat, yol vergisi üzrə - 24 383,5 min manat, sadələşdirilmiş vergi üzrə - 119 526,3 min manat, sair daxilolmalar isə - 646 410,8 min manat təşkil edib.
Daxilolmaların ümumi məbləğinin 35,6%-i mənfəət vergisinin, 25,9%-i əlavə dəyər vergisinin, 12,9%-i fiziki şəxslərin gəlir vergisinin, 7,7%-i aksizlərin, 17,9%-i isə digər vergilərin payına düşür.
Qeyri-neft-qaz sektoru üzrə büdcəyə 3 761 560,0 min manat vəsait daxil olub. Bu isə əvvəlki ildəkindən 474 912,2 min manat və ya 14,4% çox olub.
Ötən ilin yanvar-dekabr aylarında respublika üzrə 72 984 vergi ödəyicisi, o cümlədən elektron qaydada 30 791 (və ya 42,2%) vergi ödəyicisi qeydiyyata alınmışdır.
1 yanvar 2014-cü il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 537 828 olub, 2013-cü il ərzində onların sayı 11,6% artıb.
2013-cü ilin yanvar-dekabr ayları ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 90,3% təşkil edib.
Gülnarə Zeynalova
www.oxu.az