Gürcüstanın sabiq baş naziri, milyarder Bidzina İvanişvili gürcü hakimiyyətinin Rusiyanın “Qazprom” şirkəti ilə danışıqlarında şəxsən maraqlıdır.
Oxu.Az “Qruziya Online”a istinadən xəbər verir ki, “Vahid milli hərəkat” partiyasının deputatı Nuqzar Tsiklauri belə hesab edir.
“Əgər bu danışıqlar yenidən davam edərsə və hakimiyyət “Qazprom”a gürcü bazarına girməyə imkan verərsə biz buna Gürcüstanın milli maraqları hesabına öz sərvətini artırmaq və varlanmaq məqsədi ilə “Qazprom”un ən iri səhmdarı Bidzina İvanişvilinin Rusiya ilə müqaviləsi kimi dəyərləndirəcəyik.
Rusiya ilə müqavilə Gürcüstanın energetik sabitliyi və milli təhlükəsizliyi üçün böyük təhlükə ola bilər”, - yanvar ayının 13-də mətbuat konfransında çıxış edən Tsuklauri bildirib.
Gürcüstanın energetika naziri Kaxaber Kaladzenin və “Qazprom”un idarə heyətinin sədri Aleksey Miller ilə danışıqları Gürcüstanda ajiotaja səbəb olub.
Gürcüstan müxalifətinin nümayəndələri kəskin tənqid ilə çıxış ediblər və bəzi ekspertlər “Qazprom” ilə əməkdaşlığın Gürcüstanı enerji müstəqilliyindən məhrum edəcəyini iddia edirlər.
Gürcüstana əsas qaz idxalçısı Azərbaycandır. Hal-hazırda Gürcüstana Rusiya qazının tədarükü yalnız Ermənistana nəql edilən qazın tranziti müqabilində ödənən 10% qismində həyata keçirilir.
2014-cü ildə “Qazprom” Gürcüstana 300 milyon kubmetr qaz tədarük edib.