"2024-ci ilin dövlət büdcəsinin gəlirlərinin tərkibində qeyri-neft mənbələri üzrə daxilolmaların 3.1 faiz artması Azərbaycanda iqtisadi artımda qeyri-resurs sektorunun drayverə çevrilməsindən xəbər verir".
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Vüqar Bayramov deyib.
O bildirib ki, ötən il proqnoza nisbətən dövlət büdcəsinə qeyri-neft sektorundan 573.4 milyon manat çox, bütövlükdə isə 19 milyard 192 milyon manat vəsait daxil olub:
"2024-cü ildə Azərbaycan Respublikasında ümumi daxili məhsul (ÜDM) real ifadədə 4.1 faiz artıb və nominal olaraq 121.3 milyard manat proqnoza qarşı 126.3 milyard manat olub. Deməli, proqnoza nisbətən 5 milyard manat daha çox ÜDM formalaşıb. Bu təbii ki, müsbət haldır və iqtisadiyyatın inkişafını xarakterizə edən göstəricidir. Bu o deməkdir, iqtisadiyyatın daha çox inkişaf etməsinin fiskal gəlirlərə pozitiv spilover effekti var. Bununla yanaşı, sadə reqressiv hesablama göstərir ki, qeyri-neft sektorundan proqnoza nisbətən 573.4 milyon manat əlavə vəsaitin büdcəyə daxil olması sadəcə ÜDM-dəki artım ilə bağlı deyil. Bu baxımdan, gəlirlər üzrə konservativ proqnozlaşdırma faktoru da nəzərə alınmalıdır".
Mərahim Nəsib