"Bizim üçün ən önəmli məsələ - öncədən öz işlərimizi müəyyən etməkdir. Koordinasiyanın düzgün təşkili ötən il məhkəmə xidmətlərinin əlçatanlığını təmin etdi".
Oxu.Az xəbər verir ki, bu sözləri Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın "Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi" işçi qrupunun iclasında Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri, Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev deyib.
O bildirib ki, işçi qrupunun hesabatı üzrə mübahisələrin həlli indikatoru üç əsas sütun əsasında qiymətləndirmənin aparılmasını nəzərdə tutur:
"Birinci - mübahisələrin həlli istiqamətində qanunvericilik bazasının qiymətləndirilməsidir. Bu daha çox de-yure aspektdən qiymətləndirməni nəzərdə tutur. İkinci istiqamət - mübahisələrin həlli üzrə dövlət xidmətlərinin mövcudluğu və əlçatanlığıdır. Bu da daha çox de-fakto, yəni müvafiq xidmətlərin qanunvericiliklə nə dərəcədə tamamlandığını müəyyən edən istiqaməti nəzərdə tutur.
Üçüncü sütun isə birinci və ikinci sütunun praktikada tətbiqinin səmərəliliyinin ölçülməsi ilə bağlıdır. Biz işçi qrupundan qiymətləndirmə aparıldığı təqdirdə ölkəmizin göstəricilərinin nədən ibarət olduğunu müəyyən etmək üçün diaqnostikanı həyata keçirməsini xahiş etmişdik".
Məhərrəm Əliyev