Dünya bazarlarında neftin qiyməti bahalaşıb.
Bu barədə Oxu.Az London və Nyu-York birjalarında keçirilən hərracların nəticələrinə istinadən xəbər verir.
Belə ki, London birjasında Brent markalı neftin iyul fyuçerslərinin qiyməti 1,32% artaraq bir barelə görə 49,75 dollar olub.
Nyu-York birjasında WTI neftinin bir bareli 1,25% bahalaşaraq 46,80 dollara satılıb.
Qeyd edək ki, APA-nın məlumatına görə isə, ötən həftənin şənbə günü İranın Neft naziri Bijan Zəngane bəyan edib ki, OPEK üzvləri və kartelə daxil olmayan ölkələr hasilatın azaldılması ilə bağlı razılaşmanın müddətini uzatmaqda qərarlıdır.
Nazirin sözlərinə görə, İran OPEK üzvlərinin istənilən qərarını dəstəkləyəcək. Aprel ayının sonunda B.Zəngane bildirib ki, İran sutkalıq hasilatı 3,8 mln. barelə çatdırıb.
Ötən gün isə Səudiyyə Ərəbistanının Energetika, sənaye və təbii ehtiyatlar naziri Xalid əl-Falih bəyan edib ki, Bruney də hasilatın azaldılması ilə bağlı razılaşmanın müddətinin uzadılmasının tərəfdarıdır.
Eyni zamanda, Səudiyyə Ərəbistanı da razılaşmanın müddətinin uzadılmasının lehinədir.
Bundan öncə Rusiyanın Energetika naziri Aleksandr Novak razılaşmanın müddətinin uzadılmasının tərəfdarı olduğunu bəyan edib.
U.A.
www.oxu.az