Azərbaycanın xarici dövlət borcunun ümumi məbləği 2018-ci ilin altı ayı ərzində 0,1 milyard ABŞ dolları (1,1%) artaraq, 9,5 milyard ABŞ dolları (şərti öhdəliklər daxil olmaqla) təşkil edib.
Hesablama Palatasından Oxu.Az-a verilən xəbərə görə, imzalanmış sazişlər üzrə istifadə olunmuş və dövlət borcu hesab edilən kreditlərə görə xarici dövlət borcu ÜDM-in 21,6%-ni təşkil edib.
Adambaşına düşən xarici dövlət borcu ilin əvvəli ilə müqayisədə 8,0 ABŞ dolları və ya 8,4% artaraq, 1 iyul 2018-ci il tarixə 957,5 ABŞ dolları olub.
Hesabat dövrünə dövlətin daxili borcu 1,0 milyard manat (şərti öhdəliklər daxil olmaqla) təşkil edib. Bu 1 yanvar 2018-ci il tarixə olan məbləğə bərabərdir.
Yanvar-iyun aylarında dövlət büdcəsindən xarici dövlət borcu üzrə 670 mln. 826,1 min manat əsas borcun ödənilməsinə, 248 mln. 872,8 min manatı faizlər üzrə ödənişlərə yönəldilib. Daxili borc üzrə isə əsas və faiz borcları üzrə proqnoz məbləğləri müvafiq olaraq 22984,0 min manat və 80196,4 min manat, icra göstəriciləri isə 12984,0 min manat və 46566,9 min manat olub.
Palatadan bildirilir ki, məlumatların təhlili xarici borc üzrə faiz borcunun, daxili borc üzrə isə əsas borcun hesabat dövründə illik göstərici ilə müqayisədə daha çox icra edildiyini göstərir.
Belə ki, xarici borcun tərkibində əsas borcun 58,6%-nin, daxili borcun tərkibində isə 43,5%-nin cari ilin ikinci yarısında icra olunması nəzərdə tutulmuşdu.
Hesabat dövründə məcmu dövlət borcunun ödənilməsi məqsədilə icra edilmiş cəmi vəsaitin tərkibində əsas borca yönəldilmiş vəsaitin 98,1%-i, faiz borcuna yönəldilmiş vəsaitin isə 84,2%-i xarici dövlət borcuna aid olub.