Pərviz Heydərov yazır...
Xarici ticarətə dair ötən ilin yekununa aid açıqlanan statistika ixracın enişi və idxalın isə artması fonunda dövriyyənin getdikcə azaldığını göstərir. 2023-cü ilin yekununa ölkəmizin xarici ticarət dövriyyəsi 51 milyard 183 milyon 899 min dollar təşkil edib ki, əvvəlki ildə, yəni 2022-ci ildə bu rəqəm 52 milyard 686 milyon 488 min dollara bərabər olub. Ticarət 2,86% azalıb.
2023-cü ilin ilk 10 ayının statistikasına əsasən də yazmışdım ki, bu, çox təhlükəli tendensiyadır. İqtisadiyyatda makrosabitliyi təmin edən göstəricilərdən biri xarici ticarət dövriyyəsi, yəni, bunun həcmi, o cümlədən idxalın ixracdan, yoxsa ixracın idxaldan üstün olması məsələsidir ki, ölkənin tədiyyə balansı və valyuta bazarında vəziyyəti məhz bu, müəyyən edir.
Ümumiyyətlə, xarici ticarət dövriyyəsi üzrə mənfi saldo şəraitində heç bir makrosabitlikdən və stabil məzənnədən söhbət gedə bilməz, o səbəbdən ki, idxal ixracdan fərqli olaraq ölkədən pul aparır və ona görə də, milli valyutanın dəyəri mütləq dərəcədə müvafiq dəstəkdən asılı olur.
Düzdür, xarici ticarətdə dövriyyənin enməsinə baxmayaraq müsbət saldo qalır. Lakin, ötən il ölkəmizdən ixrac 33 milyard 898 milyon 554 min dollar, ölkəmizə idxal isə 17 milyard 285 milyon 344 min dollar təşkil edərək, 16 milyard 613 milyon 210 min dollar müsbət saldo qeydə alınıbsa, 2022-də bu rəqəmlər ixrac üzrə 38 milyard 146 milyon 630 min dollar, idxal üzrəsə 14 milyard 539 milyon 858 min dollar təşkil etməklə, 23 milyard 606 milyon 771 min dollara bərabər olmuşdu.
Saldo 30%-dək azalıb
Bəli, qeyd oluna bilər ki, bu, iqtisadiyyatın neft-qaz sektoruna aid məhsulların ixracın azalması ilə əlaqədardır. 2023-cü ildə neft-qaz sektoruna daxil mallar üzrə ixrac 2022-ci illə müqayisədə 4 milyard 548 milyon 448 min dollar və ya 13% azalıb ki, bunda həm ölkə daxilində hasilatın enməsiylə əlaqədar həcmin, həm də qlobal bazarlarda qiymətlərin ucuzlaşması ilə bağlı dəyərin rolu var.
Yeri gəlmişkən, 2022-ci ildə neft-qaz sektoruna aid məhsulların ixracının ölkədən ümumi ixracda payı və yaxud çəkisi 92,01% təşkil edirdisə, keçən il bu rəqəm 90,12%-ə düşüb.
Ancaq, qeyri-neft-qaz sektoruna aid məhsulların ixracı isə artıb. Neft-qaz sektoruna daxil olmayan mallar üzrə ixrac 2022-ci il ərzində statistik dəyər baxımından 3 milyard 047 milyon 673 min 180 dollar təşkil etmişdisə, ötən ilin sonuna 9,8% artaraq 3 milyard 348 milyon 046 min 930 dollar olub. Və sözügedən məhsullar 2022-ci il üzrə ümumi ixracda 7,99% pay tuturdusa, 2023-də bu rəqəm 9,88%-ə qalxıb.
Əlbəttə, bu göstəricilər müsbət tendensiyadır. Ancaq nəzərə almaq vacibdir ki, neft-qaz sektoruna aid məhsulların ixracda payı o qədər yüksək səviyyədədir ki, onun azalması ilə neft-qaz sektoruna daxil məhsulların ixracda artması tempi arasında gərək ciddi fərq olsun.
Belə ki, ikincinin artım tempi birincinin azalması tempindən dəfələrlə yüksək təşkil etməlidir. Bu isə real deyil. O səbəbdən ki, iqtisadiyyatın qeyri-neft-qaz sektorunda illik artım tempi üzrə bəlli bir sürət səviyyəsi və imkan gücü var.
Məsələn, 2024-cü il ərzində ölkəmizin neft-qaz sektorunda 1,7% azalma, qeyri-neft-qaz sektorunda isə 4,6% artım gözlənilir ki, bu, hökumətin rəyincə, hədəfə uyğundur.
Lakin, xarici ticarət dövriyyəsi iqtisadiyyatda real vəziyyəti göstərdiyindən hər bir ölkə iqtisadiyyatında hər şey həmin ölkənin məhz nəyi alıb, nələri satması ilə və nə qədər alıb, nə qədər satması ilə ölçülür. Real iqtisadi gücü bu, müəyyən edir.
Təkrar edirəm, xarici ticarətdə müsbət saldo iqtisadiyyatda dayanıqlıq üçün tələb olunan əsas şərtlərdən sayılır. Hansı ki, maliyyə sabitliyi, dövlət büdcəsi gəlirliliyi, istehsalda artım tempi və sair bunun əsasında dayanır.
Bizdə isə, neft-qaz üzrə ixrac ölkədə xam neft hasilatının enməkdə olması ilə əlaqədar həm həcm, həm də dəyər nöqteyi-nəzərindən azaldığından, üstəlik də idxalın artması və genişlənməsi də ardıcıl və dayanıqlı xüsusiyyət kəsb etdiyindən xarici ticarətdə müsbət saldonun daha tez əldən getməsi təhlükəsi getdikcə daha ciddi xarakter alır.
Bəs, nə etmək və hansı addımları atmaq tələb olunur?
Neft-qaz sektoru üzrə ixracın azalması qarşısını almaq mümkün deyil - bu, obyektiv prosesdir və həm də dünya bazarlarında vəziyyətlə əlaqədar tendensiyadır. Qeyri-neft-qaz sektoruna gəldikdə isə, bu sahədə inkişaf və ixracı genişləndirmək zaman tələb edir.
Odur ki, bu il üçün də xarici ticarətimizdə əsas barometr rolunu neftin və qazın dünya bazar qiymətləri oynayacaq. Ümid, bu sahə üzrə ixrac qiymətlərinədir...