“Palmali” şirkətlər qrupundan şikayət var.
Bu barədə Oxu.Az-a Mübariz Mənsimova məxsus şirkətin gəmilərinin birində xəsarət alan Nəsimi Şükürov şikayət ünvanlayıb.
N.Şükürov bildirib ki, şirkətin “Şəhid Adil İbrahimli” adını daşıyan tanker gəmisində çalışdığı vaxt iş qəzası baş verib:
“Oktyabrın 27-də saat 4 radələrində gəmidə yük anbarını yuyurdum. Bu zaman kimyəvi yuyucu maddə üzərimə töküldü və beldən aşağı hissəmdə, qollarımda birinci-ikinci dərəcəli yanıq xəsarətləri yarandı. Məni təcili olaraq Ukraynanın İzmail şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirdilər.
Orada 20 gün müalicə aldıqdan sonra xəstəxananın antisanitar vəziyyəti məndə digər xəstəliklərin yaranmasına gətirib çıxardı. Nəticədə mən Azərbaycana gəlib, müalicəmi burada davam etdirirəm. Hadisədən sonra mən “Palmali” şirkətindən sığorta və kompensasiya tələb etdikdə: “şirkət adına ərizə yaz, nə lazımdırsa ediləcək”, - deyildi. Amma heç bir kömək edilmədi. Bu üç ay ərzində məni ona-buna yönəltdilər”.
Şikayətçi deyib ki, “Palmali” şirkəti üzərlərinə düşən öhdəlikləri yerinə yetirmək istəmir:
“Bu ilin yanvarın 12-də “Palmali” şirkətindən məni Bakı ofisinə çağırıb, 2 500 manat pul vermək istədilər. Elə danışdılar ki, sanki heç bir hadisə olmayıb, yardım məqsədilə eləcə mənə kompensasiya verirlər.
Halbuki həkim və dərmanlara xərclədiyim pul 1 570 manat təşkil edir, mənim xərclədiyim pulu çıxsaq, 930 manat mənə kompensasiya verirlər. Mən verilən 2 500 manatdan imtina etdim. Hadisə şirkətlə bağladığım müqavilə bitməyinə üç ay qalmış baş verib.
Onlar üç aylıq maaşımı da verməlidirlər. Eyni zamanda, sığorta və müalicə pulum da ödənilməlidir. Amma “Palmali” şirkətlər qrupu öz öhdəliyindən boyun qaçırır. İşçilərinin bu vəziyyətdə olması onları heç maraqlandırmır”.
Rəylər