Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Bulla-dəniz” qaz-kondensat yatağında yanğın baş verib.
Oxu.Az SOCAR-ın rəsmi saytına istinadən xəbər verir ki, dünən gecə saat 23 radələrində 5868 metr dərinlikdə qazma işləri zamanı quyuda qaz sızması baş verib.
Qaz sızmasının qarşısını almaq üçün qazma briqadası tərəfindən mümkün olan bütün tədbirlər görülüb.
Buna baxmayaraq gecə 23:30-da quyu açıq qaz fontanına keçmiş və yanğın baş verib.
Görülən təcili tədbirlər nəticəsində platformada olan işçilər evakuasiya olunaraq sahilə çıxarılıb.
Hal-hazırda özülün ətrafında yanğınsöndürən gəmilər yanğına nəzarət edir. Quyunun bağlanması üçün tədbirlər planı hazırlandıqdan sonra yanğının söndürülməsinə başlanacaq.
Qeyd edək ki, ərazidə dənizin dərinliyi 26,5 metr təşkil edir.