Dörd min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Xızı-Altıağac avtomobil yolunun tikintisi sürətlə davam etdirilir.
Oxu.Az AzərTAC-a istinadən xəbər verir ki, ümumi uzunluğu 20,5 kilometr olacaq yolun 6,5 kilometrinə artıq asfalt örtüyü döşənib.
Yolun asfalt-beton örtüyünün qalınlığı 180 millimetr, hərəkət zolağının eni isə 3,50 metrdir. Yolun tikintisi zamanı müvafiq yerlərdə müxtəlif diametrli 63 suötürücü drenaj boruları qoyulub.
Hazırda yolun Xələnc və Altıağac kəndlərini birləşdirən hissəsinə asfalt döşənməsi üçün hazırlıq işləri aparılır. Avtomobil yolunun inşasına 70 ədəd müxtəlif təyinatlı texnika və 120 nəfər canlı qüvvə cəlb olunub. Tikintisinə 2013-cü ilin iyun ayında başlanılmış turizm əhəmiyyətli avtomobil yolunun inşasının cari ilin sonunadək başa çatdırılması nəzərdə tutulub.
Xatırladaq ki, Prezident İlham Əliyevin “Xızı rayonunun Xızı-Altıağac avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 12 iyun tarixli sərəncamına əsasən, tikintinin davam etdirilməsi üçün 10 milyon manat məbləğində vəsait ayrılıb.