Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Yaponiyada səfərdədir.
Oxu.Az xəbər verir ki, səfərin məqsədi Yaponiya şirkətləri ilə ikitərəfli görüşlərin keçirilməsi, SOCAR-ın həyata keçirdiyi layihələrdə yapon şirkətlərinin iştirakının və əməkdaşlıq imkanlarının müzakirə olunmasıdır.
Səfər çərçivəsində SOCAR prezidenti Yaponiyanın ən böyük neft-qaz hasilatı və emalı şirkəti olan İNPEX Korporasiyasının prezidenti Toshiaki Kitamura ilə görüşüb.
Görüşdə İNPEX şirkətinin SOCAR-ın layihələrində, o cümlədən Azəri-Çıraq-Günəşli (AÇG) layihəsində iştirakı, AÇG üzrə gələcək əməkdaşlıq, Azərbaycanın daxilində və xaricdəki layihələrdə mümkün əməkdaşlıq perspektivləri, SOCAR mütəxəssisləri üçün İNPEX şirkətində treninqlərin təşkil olunması və digər məsələlər müzakirə edilib.
Qeyd edək ki, görüşdə SOCAR-ın vitse-prezidentləri Süleyman Qasımov və Tofiq Qəhrəmanov, Azərbaycan Respublikasının Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Gürsel İsmayılzadə, Yaponiya tərəfdən isə İNPEX şirkətinin Avrasiya və Yaxın Şərq regionu üzrə vitse-prezidenti Yasuhisa Kanehara və AÇG və BTC layihələri üzrə aktivlərin idarə olunması üzrə vitse-prezident Akihiko Kurashina iştirak etmişlər.
Ülviyyə R. Əli
www.oxu.az