Yunanıstanın Ətraf Mühit, Energetika və İqlim Dəyişikliyi Nazirliyi Transadriatik qaz kəmərinin (TAP) ölkənin 13 regionu üzrə marşrutunu təsdiqləyib.
Oxu.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə nazirliyin cümə axşamı yaydığı məlumatda deyilir.
Müvafiq qərar nazir Panos Skurletis tərəfindən imzalanıb.
Marşrutun planı “Boru kəmərinin çəkilməsi haqqında” qanunun bir hissəsidir və TAP konsorsiumu tərəfindən təqdim edilib. Qərar təsdiq edildiyi gündən qüvvəyə minir.
“Qanunun yerinə yetirilməsi dünyanın ən mühüm on layihəsi sırasına daxil edilmiş TAP-ın həyata keçirilməsində vacib addımdır. Qaz kəmərinin inşası və istismara verilməsi 10 minə yaxın iş yeri yaratmağa, yunan şirkətlərinin dünya layihələrində iştirakına imkan verəcək.
TAP-ın məqsədi Avropa ölkələrinə qaz tədarükünün mənbələrini diversifikasiya etməkdir, bu isə Yunanıstanın və bütün Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm istiqamətdir”, - məlumatda deyilir.
TAP layihəsi “Şah-Dəniz” Azərbaycan qaz kondensat yatağının ikinci işlənmə mərhələsindən qazın Avropa İttifaqı ölkələrinə nəqlini nəzərdə tutur.
Ümumi uzunluğu 870 km olan, TANAP ilə türk-yunan sərhəddində Kipa şəhəri yaxınlığında birləşdiriləcək boru kəməri Yunanıstan, Albaniya, Adriatik dənizi, daha sonra İtaliyanın cənubundan keçəcək.
Boru kəmərinin inşasına 2016-cı ildə başlanılması gözlənilir.