Daşkəsən Dəmir Filiz MMC tərəfindən 18,6 milyon manat dəyərindəki əmlak balansa götürülüb.
Oxu.Az xəbər verir ki, bu barədə AzerGold QSC-nın İdarə heyətinin sədri Zakir İbrahimov məlumat verib.
O bildirib ki, Daşkəsən Dəmir Filizi sahəsi 6 yataqdan ibarətdir və bu yataqların sovet dövründə ehtiyatları 290 milyon ton həcmində dəyərləndirilib:
“1954-2017-ci illər ərzində 92 milyon ton filiz (34,4 faiz dəmir) hasil edilib və nəticədə 42 milyon ton 58,3 faizdəmir tərkibli konsentrat istehsal olunub.
Yataqlardan ikisi - “Şimal-qərb” və “Cənub-şərq” yataqlarında ilkin tədqiqat işlərinə başlamışıq.
Cari ildə bu iki yataq üzrə İlkin Qiymətləndirmə sənədinin hazırlanması işləri çərçivəsində 15 min metrə yaxın geoloji, 1000 metrdən çox həcmdə geotexniki buruqqazma işləri icra edilib, layihənin iqtisadi modeli hazırlanıb. Beynəlxalq standartlara uyğun olaraq “Şimal-qərb” yatağında dəmir filizinin miqdarı 74,3 milyon ton, “Cənub-şərq” yatağında isə 113 milyon tondan artıq olmaqla olmaqla, ümumilikdə 187,3 milyon ton olaraq təsdiqlənib.
Zavodun fəaliyyətə başlaması ilə illik 1,2 milyon həcmində konsentrat, 1,2 milyon ton pələt və 0,8 mln ton həcmində birbaşa reduksiya dəmirin istehsalı proqnozlaşdırılır.
Hazırda, yataqların karxana istismar planları hazırlanmaqdadır. Qısa müddət ərzində dəmir filiz yataqlarının hasilata verilməsi gözlənilir”.
Nigar Məmmədova