Mayın 15-dən “Ziraat Bank Azərbaycan” ASC Əmanətlərin Sığortalanması Fonduna (ADİF) üzv olub.
Bu barədə Oxu.Az-a Fondan bildirilib.
Əmanətlərin Sığortalanması Fonduna üzv olan hər bir banka Fondun şəhadətnaməsi verilir və bu “Şəhadətnamə”lər banklarda əmanətçilərə xidmət göstərilən yerlərdə asılır.
Əmanətlərin Sığortalanması Fondu ictimaiyyətin diqqətinə çatdırır ki, fevralın 24-dən qorunan əmanətlərin illik faiz dərəcəsinin maksimal həddi 12 %-dir.
Fond bildirir ki, göstərilən %-dən yuxarı faiz dərəcəsi ilə yerləşdirilən əmanətlər qorunmur və bu əmanətlərə görə kompensasiya ödənilmir.
Məlumat üçün bildiririk ki,Əmanətlərin Sığortalanması Fonduna üzv olan bir və ya bir neçə bankda sığorta hadisəsi baş verdiyi zaman Fond tərəfindən qorunan əmanətlərə görə əmanətçiyə hər bir sığorta hadisəsi üçün 30 000 manat məbləğində kompensasiya ödənilir.
Qeyd edək ki, fond bununla üzvlərinin sayını 44-ə çatdırıb.
Ülviyyə R. Əli
www.oxu.az