Daim yenilikçi fəaliyyəti ilə seçilən, sığorta bazarının aparıcı şirkətlərindən biri olan “Atəşgah” Sığorta şirkəti daxilində 2010-cu ildə yaradılmış alpinist klubunun üzvlərindən ibarət dəstə, 14-17 avqust 2015-ci il tarixlərində ölkəmizin ən hündür nöqtəsi olan Bazardüzü zirvəsinə yürüş həyata keçirib.
Olduqca çətin marşrutlardan ibarət bu yürüş Azərbaycanın ən qədim və ən ucqar yaşayış məntəqələrindən biri sayılan Xınalıq kəndindən başlayıb.
Şirkət əməkdaşları böyük şücaət göstərərək 4 466 metrlik zirvəni uğurla fəth etmişlər və orada bayrağımızı dalğalandırıblar.
Bu möhtəşəm tədbir şirkətin birbaşa fəaliyyət sahəsinə aid olan digər bir hadisə ilə də yadda qalıb.
Belə ki, məlum coğrafi səbəblərdən ölkəmizin paytaxtı və regionlarında gedən proseslərdən müəyyən qədər təcrid olunmuş Xınalıq kəndinin sakini Rasim Aslanova, sahibi olduğu QAZ 66 markalı yük avtomobili üçün icbari sığorta şəhadətnaməsi yazılıb.
Maraqlı məqam odur ki, şəhadətnamə Bazardüzü dağının tam zirvəsində, mobil cihaz vasitəsilə İcbari Sığorta Bürosunun onlayn sistemində yazılmış və dəstəni müşaiyət edən Rasim Aslanova təqdim edilib. Şəhadətnaməni şirkətin sığorta agenti Kənan Qasımov yazıb.
Beləliklə, “Atəşgah” Sığorta Şirkəti öz missiyasının tərkib hissəsi olan və daima əməl etdiyi “əhalinin sığorta barədə maarifləndirilməsi” vəzifəsini Azərbaycanın ən ucqar nöqtəsində də həyata keçirmiş olub.
Onu da əlavə edək ki, “Atəşgah alpinist klubu”-nun üzvləri 2010-cu ildən başlayaraq mütəmadi olaraq Heydər zirvəsi, Şahdağ zirvəsi və digər yüksəkliklərə yürüşlər ediblər.
Bu dəfəki yürüş də daha əvvəl olduğu kimi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə mümkün olmuşdur.
Hər birimizi Azərbaycanımızın ekoloji təmiz gələcəyi naminə çalışmağa və təbiətimizin hər bir guşəsinin keşiyində duran Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsünə qoşulmağa çağırırıq.
Qeyd edək ki, “Atəşgah” Sığorta Şirkəti 1996 -cı ilin sonunda təsis edilib. “Atəşgah” ASC SŞ və “Atəşgah Həyat” ASC SŞ “Atəşgah” Sığorta Qrupuna daxildir.
“Atəşgah” SQ müştərilərinə 20-dən artıq sığorta növü üzrə xidmət göstərir.
Şirkətin fəaliyyətində əhalinin maarifləndirilməsinə (xüsusilə də regionlarda) geniş yer verilir.