Xınalıq kənd yolunda yaranmış vəziyyətlə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) açıqlama verib.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən ərazidə yamacda baş vermiş sürüşmə nəticəsində yolun hərəkət hissəsinin daralması müşahidə olunub.
"Mövcud problemin aradan qaldırılması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə yolun dağ yamacı istiqamətində genişləndirilməsi işləri həyata keçirilir.
İşlərin icrası zamanı xüsusi texnikanın fəaliyyəti ilə əlaqədar olaraq müəyyən qaya və torpaq parçaları yolun hərəkət hissəsinə düşüb. Genişləndirmə işləri aparıldıqca həmin hissələrin təmizlənməsi də mərhələli şəkildə həyata keçirilir və hazırda ərazidə təmizləmə işləri davam etdirilir.
Ərazidə hər iki istiqamət üzrə müvafiq xəbərdaredici və istiqamətləndirici yol nişanları quraşdırılıb, hərəkət iştirakçıları alternativ marşrut kimi Alpan-Susay-Xınalıq yolu istiqamətinə yönləndiriliblər.
Bununla yanaşı, görülən işlərlə bağlı yerli icra strukturları, bələdiyyə nümayəndələri və yol polisi əvvəlcədən məlumatlandırılıb. Təəssüf ki, bəzi vətəndaşlar quraşdırılmış xəbərdaredici nişanlara və alternativ istiqamətləndirməyə baxmayaraq, bilərəkdən işlərin aparıldığı ərazidən keçməyə cəhd edib və prosesi videoya qeydə alıblar. Nəticədə sözügedən xoşagəlməz vəziyyət yaranıb", - deyə AAYDA-dan bildirilib.
Agentlik sürücülərdən təhlükəsizlik tələblərinə riayət etmələrini, xəbərdaredici nişanları nəzərə almalarını və işlər yekunlaşanadək alternativ olaraq Alpan-Susay-Xınalıq avtomobil yolundan istifadə etmələrini xahiş edib.
Xınalıq kənd yolunda hərəkət məhdudlaşdırılıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə sentyabrın 14-də səhər saatlarında olub.
Kənd sakinlərinin sözlərinə görə, yol bağlanıb və nəqliyyat vasitələrinin, eləcə də kənd sakinlərinin gediş-gəlişi məhdudlaşdırılıb. Yolu bağlayan şəxslərin hər hansı izahat vermədən ərazidən uzaqlaşdıqları bildirilir.
Kənd sakinlərinin verdiyi məlumata görə, yaşlı qadınlar, kişilər öz əlləri ilə daşları yoldan təmizləməyə çalışırlar.
Sakinlər yaranmış vəziyyətdən narazılıq edərək qurumların məsələyə müdaxilə etməsini istəyirlər.
Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.