Böyük Britaniya hökuməti mübahisəli Malvin (Folklend) adalarına yeni qırıcı təyyarələr göndərməyi planlaşdırır.
Oxu.Az xəbər verir ki, bu barədə "La Nacion" qəzeti məlumat yayıb.
Xəbər görə, Böyük Britaniyanın müdafiə nazirinin müavini Lük Pollard parlamentin sorğusuna cavab olaraq bildirib ki, hazırda Cənubi Atlantika adalarındakı Britaniya qüvvələrinə təhkim edilmiş 1435-ci eskadrilyanın tərkibindəki dörd ədəd "Typhoon Tranche 1" təyyarəsi eyni sayda "Typhoon Tranche 2" qırıcısı ilə əvəzlənəcək".
Yeni hərbi təyyarələrin 2027-ci ilin dekabrınadək adalara yerləşdirilməsi nəzərdə tutulur.
Məqalədə vurğulanır ki, mübahisəli adaların rəhbərliyi öz növbəsində dron operatorlarının işə qəbulunu elan etməyə hazırlaşır. Sentyabrın 3-də Argentina Prezidenti Xavyer Miley xalqa müraciətində Malvin adaları yaxınlığında neft hasil edən şirkətlərə qarşı sanksiyaların sərtləşdirilməsi ilə bağlı qanun layihəsini parlamentə təqdim edəcəyini açıqlayıb. Buna səbəb Britaniyanın "Rockhopper Exploration" və İsrailin "Navitas Petroleum" şirkətləri tərəfindən neft yataqlarının mənimsənilməsi layihəsinin tezliklə işə salınması olub. Daha sonra Argentina hökuməti mübahisəli ərazidə karbohidrogen hasilatında iştirak edən 60 hüquqi və fiziki şəxsə qarşı sanksiya tətbiq etmək və məhkəməyə müraciət etmək qərarını bəyan edib.
Qeyd edək ki, Malvin (Folklend) adaları ümumi sahəsi 12 min kvadratkilometrdən bir qədər çox olan 2 böyük və 800-ə yaxın kiçik adadan ibarətdir, əhalisi isə təxminən 3200 nəfərdir. Artıq 200 ildir ki, bu ərazilər Argentina və Böyük Britaniya arasında ərazi mübahisəsinin predmeti olaraq qalır. 1982-ci ilin aprelində ölkələr arasında silahlı münaqişə baş verib. İki aydan çox davam edən hərbi əməliyyatlarda 649 hərbçisini itirən Cənubi Amerika ölkəsi məğlub olub. Britaniya tərəfinin itkiləri isə 255 nəfər təşkil edib. Argentina BMT mexanizmləri vasitəsilə adaların Böyük Britaniyaya məxsusluğunu mübahisələndirməyə davam etsə də, tərəflər hələ ki, ortaq məxrəcə gələ bilməyiblər.