Aprelin 15-də Nəqliyyat naziri Ziya Məmmədov İtaliyanın İqtisadi inkişaf naziri Federika Quidi ilə görüşüb.
Bu barədə Oxu.Az-a Nəqliyyat Nazirliyindən məlumat verilib.
Nazirliyin məlumatına görə, görüşdə Ziya Məmmədov son illər ərzində Azərbaycan iqtisadiyyatının inkişafından, o cümlədən Azərbaycanın nəqliyyat-yol kompleksindəki yeniliklərdən, görülən işlərdən və həmçinin həyata keçirilən iri regional layihələrdən danışıb.
Ölkə iqtisadiyyatının prioritet sahələrindən biri kimi dövlət səviyyəsində xüsusi diqqət yetirilən nəqliyyat sektoru barəsində ətraflı məlumat verən nazir bu istiqamətdə İtaliya ilə əməkdaşlığın daha da inkişaf etdirilməsində tərəflərin maraqlı olduğunu vurğulayıb.
Öz növbəsində, Azərbaycanda nəqliyyat sektorunda əldə edilən uğurlardan, reallaşdırılan iri layihələrdən xəbərdar olduqlarını vurğulayan F.Quidi iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük imkanların mövcudluğunu qeyd edib.
Görüşdə, nəqliyyat sahəsində qarşılıqlı əməkdaşlıq imkanları, perspektiv layihələr, həmçinin İtaliya şirkətlərinin Azərbaycanda nəqliyyat sahəsində həyata keçirilən layihələrdə iştirak məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, tədbirdə, İtaliyanın Azərbaycandakı səfiri Ciampaolo Kutillo və Azərbaycanın İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri Vaqif Sadıqov da iştirak edib.
Ülviyyə R. Əli