Lənkəranda tələbə qızı qətlə yetirməkdə təqsirləndirilən Elvin İsmayılzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
"Report"un xəbərinə görə, onun barəsində toplanan materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Xamməd Nuriyevin icraatına verilib.
Qeyd edək ki, bu il mart ayında Cəlilabad rayon sakini, tələbə olan 22 yaşlı Könül Ağayevanın itkin düşməsi ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat daxil olub.
Lənkəran Rayon Prokurorluğu və rayon polis şöbəsi əməkdaşlarının birgə fəaliyyəti nəticəsində Könül Ağayevanın qəsdən öldürülməsi müəyyən edilib.
Keçirilmiş çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 21 yaşlı Lənkəran şəhər sakini Elvin İsmayılzadənin martın 1-də Lənkəran şəhəri ərazisində yerləşən evlərdən birində Könül Ağayevanı boğaraq qəsdən öldürməsi, növbəti gün cinayət hadisəsini gizlətmək üçün Könül Ağayevanın meyitini həmin fərdi yaşayış evinin birinci mərtəbəsində basdırmasına əsaslı şübhələr müəyyən edilib.
Elvin İsmayılzadə saxlanılıb, ona Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.
Rəylər