Nəsimi Rayon Polis İdarəsinin rəisi, “Buqatti” gecə klubunun sahibi olduğu deyilən Musa Musayev təcili Daxili İşlər Nazirliyinə çağırılıb.
Oxu.Az axar.az-a istinadən xəbər verir ki, gecə klubu ətrafında yaranan söz-söhbətdən sonra bir müddət işə çıxmadığı bildirilən M.Musayev artıq iş başındadır.
Onun nazirliyə hansı məqsədlə dəvət edildiyi haqda məlumat verilmir.
Nəsimi Rayon Polis İdarəsinin növbətçisi bildirdi ki, polis rəisi Musa Musayev Kollegiya iclasında iştirak etmək üçün nazirliyə dəvət olunub. DİN-in mətbuat xidmətinin əməkdaşı Orxan Mənsurzadə isə nazirlikdə kollegiya iclasının keçirilmədiyini bildirdi və iclas keçirilməsi ilə bağlı verilən xəbəri təkzib etdi.
Xatırladaq ki, bir müddət öncə Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevə aid olduğu iddiaları səslənən qalmaqallı “Buqatti” gecə klubu mətbuatda gedən yazılardan sonra iki gün müddətinə qapadılıb. Klub yaxınlığında yaşayan əhali isə burada xaosun hökm sürdüyünü bildirib. Onlar dəfələrlə barda bıçaqlanma, döyülmə hadisələri olsa da, polis idarəsinin məsələyə diqqət etmədiklərini söyləmişdilər.
Ancaq “Buqatti”nin adı gecə klubu ətrafında yaranan qalmaqaldan sonra dəyişdirildi və “Mamunia” adı ilə fəaliyyətini hazırda davam etdirir.
Qeyd edək ki, Musa Musayev adının “Buqatti” (“Mamunia”) gecə klubunun sahibi kimi hallandırılmasına bu vaxta qədər heç bir reaksiya verməyib.