Nazirlik bunu əhəmiyyətli xəbər hesab etmir. Heç bir fakta əsaslanmayan xəbərlərin araşdırılması vaxt itkisindən başqa bir şey deyil.
Oxu.Az xəbər verir ki, bu sözləri Axar.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Nəsimi rayonu, Azadlıq prospekti 58 V-də yerləşən “Buqatti” adlı gecə klubunun sözügedən rayonun polis rəisi Musa Musayevə məxsus olması iddiasına münasibət bildirərkən deyib.
E.Zahidov qeyd edib ki, bu, əsaslandırılmamış iddiadır:
“Musa Musayev polis rəisidir, polkovnikdir. Belə bir insanın bu cür qeyri-ciddi bir işlə məşğul olması mümkün deyil. Polis rəisinin işi o qədər məsuliyyətlidir ki, onun əlavə özəl işlərlə məşğul olmağa imkanı yoxdur. Bir polis rəisinin şəxsi obyektinin olmasına heç ehtiyacı da yoxdur. Nazirlik bu iddialarla bağlı araşdırma aparmağa ehtiyac duymur”.
DİN rəsmisinin sözlərinə görə, polis rəisinin əlavə özəl işlə məşğul olması qanunla qadağandır:
“Polis rəisinin şəxsi obyekti ola bilməz. Qanun buna icazə vermir”.
Xatırladaq ki, Nəsimi rayonu, Azadlıq prospekti 58 V ünvanında yerləşən “Buqatti” adlı gecə klubunun sözügedən rayonun polis idarəsinin rəisi Musa Musayevə məxsus olması barədə mediada xəbərlər yayılıb. M.Musayev bununla bağlı açıqlama verməyib.
İdarədən Axar.az-a Musa Musayevin bir neçə gündür işə gəlmədiyini bildiriblər.