Paytaxtda nəqliyyatın intellektual idarə olunması layihəsi üzrə şəhərin 2200 kv. kilometr ərazisində nəqliyyatın intellektual idarə olunması üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən rəqəmsal xəritələr hazırlanıb.
Oxu.Az Yap.org.az-a istinadən xəbər verir ki, bunu Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri, akademik Qərib Məmmədov “Yeni Azərbaycan Partiya”sına müsahibəsində deyib.
Onun sözlərinə görə, bu xəritələrdə 57 növdə 3D formatında məlumatlar həm mətn, həm də qrafiki formada hazırlanaraq aidiyyəti üzrə təhvil verilib.
Bu işin əsas sifarişçisi Nəqliyyat Nazirliyidir.
İşin əsas hissəsi olan rəqəmsal xəritələr Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanıb.
Bu xəritələr əsasında Bakı şəhərinin ərazisində nəqliyyat vasitələrinin hərəkəti üçün yolların gediş istiqamətləri, yol nişanları, döngələr, binalar, bina nömrələri, yolların adları, strateji obyektlərin adları və ünvanları, parklar və s. barədə vizual görüntü yaranır, eləcə də istənilən yerdən tələb olunan yerə qədər olan məsafə və vaxt tez bir zamanda təyin edilir.