Ağcabədidə silsilə oğurluq əməlləri törədən şəxs saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Ağcabədi Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən evlərdən oğurluqlar edilməsi barədə məlumatlar daxil olub.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Elsevər Rüstəmov şübhəli şəxs qismində saxlanılıb.
Araşdırmalarla onun cari il ərzində müxtəlif evlərdən nağd pul və məişət əşyaları oğurlamaqla zərərçəkmişlərə 25 000 manat dəyərində ziyan vurduğu müəyyən edilib.
E.Rüstəmovun yaşadığı ünvandan bir sıra maddi sübut aşkarlanaraq götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə E.Rüstəmov həbs edilib.
İstintaq davam etdirilir.