Sumqayıt Apellyasiya Məhkəməsində Qusar rayon sakinləri Radif Ağamuradovun CM-nin 120.2.1 (bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə), 120.2.3 ( zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürmə), 120.2.6 (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə qəsdən adam öldürmə), 120.2.11 (quldurluqla əlaqədar qəsdən adam öldürmə), 29,120.2.1 (bir qrup şəxs tərəfindən qəsdən öldürməyə cəhd), 29,120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən öldürməyə cəhd), 29, 120.2.6 (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə qəsdən öldürməyə cəhd), 29, 120.2.11 (quldurluqla əlaqədar qəsdən adam öldürməyə cəhd), 177.2.2, 2.3, 2.4, 3.1, 3.2 (oğurluq yaşayış sahəsinə qanunsuz daxil olmaqla, təkrar, külli miqdarda ziyan vurmaqla mütəşəkkil dəstə tərəfindən törədildikdə), 181.2.2, 2.5, 3.1, 3.2 (quldurluq, təkrar silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 206.4 (qaçaqmalçılıq mütəşəkkil dəstə tərəfindən törədildikdə), 217.2 (sabit silahlı bandalarda və ya onların törətdikləri basqınlarda iştirak etmə), 228.3 (qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə, saxlama və ya gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə), 228.4 (qanunsuz olaraq soyuq silah əldə etmə, satma və ya gəzdirmə), 29,318-2 (Azərbaycan Respublikasının dövlət sərhədini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz keçməyə cəhd), Cavad Məhərovun, Murad İsayevin, Elxan İsrafilovun, Elmar Musayevin, Bağır Azayevin, Şamil Manafovun, Tərlan Salmanovun və Osman Mustafayevin CM-nin 170.3 (yetkinlik yaşına çatmayanı cinayətkar qrupa və ya ağır, cinayətin törədilməsinə cəlb etmə), 177.2.2, 2.3, 2.4, 3.1, 3.2 (oğurluq yaşayış sahəsinə qanunsuz daxil olmaqla, təkrar, külli miqdarda ziyan vurmaqla mütəşəkkil dəstə tərəfindən törədildikdə), 206.4 (qaçaqmalçılıq mütəşəkkil dəstə tərəfindən törədildikdə), 28, 214.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən terrorçuluğa hazırlıq), 28, 214.2.3 (odlu silahdan istifadə etməklə terrorçuluğa hazırlıq), 217. 2 (sabit silahlı bandalarda və ya onların törətdikləri basqınlarda iştirak etmə), 228.3 (qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə, saxlama və ya gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə), 228.4 (qanunsuz olaraq soyuq silah əldə etmə, satma və ya gəzdirmə) və 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəlləri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Oxu.Az xəbər verir ki, Radif Ağamuradov Qusar şəhərində islam dininin “əhli sünnə və əl-cəmaə” adlandırılan vəhhabilik təriqətinə aid dini baxışları ilə əlaqədar yaxın münasibətdə olduğu “Ömər” ləqəbli Faiq Şahmuradov, “Abu Hənifə” ləqəbli Ramiz Rəhimxanov, “Seyfullah” ləqəbli Edik Rüstəmov, Cavad Məhərov, Şamil Manafov, Tərlan Salmanov, Şamil Qadaşov, Osman Mustafayev və qeyriləri ilə birləşdiyi mütəşəkkil dəstədə islam dininin bəzi müddəalarını qəsdən yanlış ifadə verərək valyuta-dəyişmə və digər biznes sahələrində əldə edilən gəlirlərin guya haram olduğunu iddia etməklə, belə fəaliyyətlə məşğul olan ayrı-ayrı şəxslərə basqın edib, külli miqdarda əmlakı ələ keçirmək qərarına gəliblər.
Bu məqsədlə 2013-cü ilin yanvar-fevral aylarında RF-nın Dağıstan respublikasında istintaqa məlum olmayan mənbədən, qanunsuz əldə edib Yalama gömrük sərhədindən qatarla gizli keçirərək Qusar şəhərinə gətiriblər, oktyabrın 19-dək Radif Ağamuradovun və Faiq Şahmuradovun yaşadığı evlərdə “AKSU” tipli avtomatı, “Makarov” və “Naqan” markalı tapançaları, 3 ədəd “Vzor” markalı tapançaları, 162 ədəd müxtəlif çaplı patronları, “F-1” və “RQD-5” tipli 3 ədəd əl qumbaraları və 2 ədəd soyuq silahı saxlayıblar.
Faiq Şahmuradovun tərtib etdiyi plana əsasən Edik Rüstəmov oktyabrın 16-ı səhər saat 7 radələrində Məlikov küçəsi, 69 saylı evin yaxınlığında, valyuta-dəyişmə məntəqəsində işləyən Sadir Mustafayevə hücum edib və dəmir parçası ilə baş nahiyəsinə zərbələr vuraraq, üzərində olan 6000 manat məbləğində pulu ələ keçirib və gətirib Şahmuradova verib.
Həmin gün Rüstəmov Qusar RPŞ-nin əməkdaşları tərəfindən müəyyən edilərək, saxlanılıb. Araşdırma aparılarkən Rüstəmov qarət edilmiş pulları meşədə gizlətdiyini bildirib və polis əməkdaşlarını aldadıb, o imkan taparaq Faiq Şahmuradovla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq, polis işçilərinə silahlı basqın edilib, onların öldürülməsini razılaşdırıb.
Rayonun Həzrə və Aşağı Ləyər kəndləri arasındakı meşə massivində əvvəlcədən düzəltdikləri mağara tipli sığınacaqdan Şahmuradov, Ağamuradov, Məhərov və Rəhimxanov tapançalardan çoxsaylı atəşlər açmaqla Qalib Quliyevi qətlə yetiriblər, digər üç polis əməkdaşını yaralayıblar. Atışma zamanı polis əməkdaşı Ceyhun Osmanovun öz xidməti silahından açdığı cavab atəşləri nəticəsində Edik Rüstəmov xəsarət alıb.
19-23 sentyabr tarixində DİN və Daxili Qoşunların xüsusi təyinatlı qüvvələrinə Faiq Şahmuradov və Ramiz Rəhimxanov meşə massivində silahlı müqavimət göstərərkən hər ikisi zərərsizləşdirilib, Edik Rüstəmov Qusar şəhəri, K.Kərimov küçəsinəki 21 saylı sahibsiz evin həyətində təslim olmaq tələbinə tabe olmayaraq, polislərə qumbara atıb, müqavimət göstərərkən öldürülüb, Cavad Məhərov isə tutulub.
İstintaqın gedişatında məlum olub ki, Cavad Məhərov, Şamil Manafov, Şamil Qadaşov və qeyriləri Faiq Şahmuradovun göstərişi ilə 2013-cü il avqustun 13-də maskalardan istifadə etməklə Qabil Həbibovun yaşadığı Qusar şəhəri, Q.Əliyev küçəsi, 43 saylı evin həyətinə qanunsuz daxil olmaqla axtarış aparıblar, “Hyundai” markalı avtomobilin salonundan 720 manat pul oğurlayıblar.
Bundan başqa, F.Şahmuradovun göstərişləri əsasında “Qayıbulaq” istirahət mərkəzinin direktoru Şövkət Abdurahmanovu onların dini təriqətinə mənsub şəxslərin baxışlarını bölüşmədiyinə görə cəzalandırmaq məqsədi ilə Məhərov və Qadaşovla birlikdə sentyabrın 4-ü saat 21 radələrində zərərçəkənin yaşadığı N.Həbibov küçəsindəki 26 saylı evi qarət ediblər, ümumilikdə 6100 manat məbləğində qızıl-zinət əşyalarını talayaraq, onları ayın 8-də Dağıstanın Dərbənd şəhərində satıb, əldə edilən pulları bandanın üzvləri arasında bölüşdürüblər.
Murad İsayev bandanın üzvü Elxan İsrafilov və yetkinlik yaşına çatmayan, “Xəttab” dini ləqəbli Bağır Azayevlə (1998-ci il təv.) birlikdə dekabrın 26-da gecə saat 2 radələrində Qusar şəhərinin N.Şərifov, 21 ünvanda yerləşən “Avtohissələr” mağazasının qapısını sındıraraq, içəri daxil olublar və piştaxtanın saxlanc yerindən Təsvir Camalova məxsus 3000 manat pulu oğurlayıblar. Qeyd edək ki, M.İsayev dekabrın 31-də tutularkən onun yaşadığı evdə 48 qram çəkidə marixuana aşkar edilib.
İstintaq vaxtı azyaşlı Bağır Azayevin dini vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öldükdə, cənnətə gedəcəyi vədi ilə aldadıb mütəşəkkil dəstədə cinayətkar fəaliyyətə cəlb edilməsi məlum olub.
Bu il mayın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Ağamuradov və daha beş nəfər 14, bir nəfər 13, bir nəfər 12, bir nəfər isə 9 il müddətinə azadlıqdan məhrum olunublar.
Hökmdən narazı qalan təqsirləndirilən şəxslər Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edərək, cəzalarının yüngülləşdirilməsini xahiş ediblər. Məhkəmənin nəticəsi barədə məlumat veriləcək.
C.H.
www.oxu.az