Ali Məhkəmədə dələduzluqda və vəzifə cinayətlərində ittiham edilərək beş il altı ay müddətinə azadlıqdan məhrum olunan Zaqatala rayon sakini Zaur İsmayılovun kassasiya şikayətinə baxılıb.
Oxu.Az-ın məlumatına görə, prosesdə Şəki Apellyasiya Məhkəməsinin qərarı ləğv edilərək iş yenidən apellyasiya instansiyasına qaytarılıb.
Zaur İsmayılovun vəkili kassasiya şikayətini əsaslandıraraq qeyd edib ki, Zaur İsmayılovla İsa Abdullayev bir-birini 2016-cı ildən tanıyırlar. Aralarında vaxtilə səmimi münasibət, ailəvi dostluq olub. Birlikdə əmlak alaraq, gələcəkdə baha qiymətə satmaq niyyətləri olub. Buna görə Zaur İsaya ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə pul verib. Həmçinin İsa əmlak alqı-satqısı vasitəçisi olaraq Zaurun əmlakının satılma prosesində də iştirak edib. Zaurun əmlakını öz qohumuna satdığı üçün əmlakın pulu olan 200 min manatı Zaurdan alaraq iş görmək adı ilə özündə saxlayıb. Beləliklə, müxtəlif vasitələrlə Zaurun 500 min manata yaxın pulunu ələ keçirib.
Zaur 2022-ci ilin sonlarında aldadıldığını bildiyi üçün İsadan pulunu tələb etməyə başlayıb. Buna görə 2023-cü ilin yanvar ayında Daxili İşlər Nazirliyinə şikayət edərək İsa tərəfindən aldadıldığını və pulunun ələ keçirildiyini bildirib. İsa da bundan sonra beş ildir özündə saxladığı qəbzləri ortalığa çıxararaq Zaura banka depozitə qoymaq üçün 81 min manat verdiyini iddia etməyə başlayıb.
Qeyd edək ki, Şəki Apellyasiya məhkəməsi 1-ci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlamaqla bağlı qərar qəbul etmişdi.
Xatırladaq ki, banklardan birinin xəzinədarı olan Z.İsmayılov həmyerlisi İsa Abdullayevin şikayəti əsasında həbs edilib.
Samir Əli