Yeqor Şerbakov bu il oktyabrın 10-da öldürülüb və Orxan Zeynalov faktla bağlı şübhəli şəxs qismində saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Vesti.Az-a Moskvanın Vnukovo hava limanında Yeqor Şerbakovun mümkün saxlanılması barədə bəzi KİV-in yaydığı məlumatları şərh edən Azərbaycan DİN-nin Rusiyadakı nümayəndəsi, polis polkovniki Eldar Səmədov bildirib.
Xatırladaq ki, “Müsavat” qəzeti bu gün Şerbakovun sağ olması və Varşavaya uçmağa çalışarkən saxlanılması barədə məlumat yaymışdı. Bildirilir ki, guya 25 yaşlı gəncin sevgilisi – Kseniya Popova iki gün əvvəl Rusiyanı tərk edib və Parisə uçub.
Qəzet yazır ki, bu mövzunu işıqlandıran mətbuat bir dəfə də olsun nə Şerbakovun cəsədi, nə də dəfn mərasimini göstəriblər ki, bu da öz növbəsində qətlin doğurdan da törədilməsinə şübhə yaradır.
Eldar Səmədov heç bir əsası olmayan belə məlumatları oxumağın gülməli olduğunu bildirib.
“Necə yəni, heç kim meyiti görməyib? Şerbakov öldürülüb və dəfn olunub. Rusiya telekanalları ilə Şerbakovun ailəsini göstəriblər. Anası və qardaşı çıxış etdilər. Hər şeyin necə olduğundan danışdılar. Şerbakovun rəfiqəsi Zeynalovun gənci öldürmüş şəxs olduğunu bildirib. Şerbakovun doğmaları bəyan ediblər ki, həbs olunmuş şəxsin ailəsinə qarşı iddiaları yoxdur və onlarla görüşməyə hazırdırlar. İşin gedişini Azərbaycanın Rusiyadakı Səfirliyi və Azərbaycanın Baş Prokurorluğu izləyir.
Özünüzə sual verin:
“Hansı məqsədlə başqasını yox, məhz Orxan Zeynalovu saxladılar?”. Zeynalov şübhəli şəxs qismində saxlanılıb” – deyə, Səmədov bildirib.
Polis həmçinin qeyd edib ki, Zeynalovun ifadəsini dəyişməsi onun öz hüququdur, məhkəmə isə onun günahkar olub-olmadığını müəyyənləşdirəcək.